AMEA Aşqarlar Kimyası İnstitutu nəzdində AZSTAND/TK-34 adlı texniki komitə fəaliyyətə başlayıb

132

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən AMEA Aşqarlar Kimyası İnstitutu nəzdində “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK-34) yaradılıb. Bu haqda məlumat verən İnstitutun direktoru akademik Vaqif Fərzəliyevin sözlərinə görə, Texniki Komitənin yaradılmasında məqsəd Azərbaycanda istehsal olunan “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”ə tələb olunacaq standartların beynəlxalq standart səviyyəsində tərtib olunması və bu işlərin səmərələşdirilməsidir.

O bildirdi ki, Texniki Komitənin fəaliyyətinin əsas istiqamətlərinə standartlaşdırmanın inkişaf proqramı və illik işlərin planının, həmçinin standart layihələrinin, qüvvədə olan standartlara yenidən baxılması, standartlara dəyişikliklərin hazırlanması, Texniki Komitənin hazırladığı standartlardan istifadə edən təşkilatlara, müəssisələrə, birliklərə elmi-metodik köməkliyin göstərilməsi, standartların tətbiqinin analizi və effektiv istifadəsinin həyata keçirilməsi, mövzu üzrə kataloqların hazırlanması və buraxılmasının təşkili kimi məsələlərin həlli daxildir.

Akademik bildirdi ki, Texniki Komitənin tərkibinə Respublikada qeyd olunan sahədə tədqiqat, istehsalat və tətbiq ilə əlaqədar elmi müəssisə və təşkilatlar, habelə Nazirliklərin nümayəndələri daxil edilmişdir. “Hazırda 2021-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planına daxil edilmiş 9 dövlət standartının yoxlanılması işləri həyata keçirilir”, – deyə o fikirlərinə əlavə etdi.

PAYLAŞ