Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurası gənc tədqiqatçılar arasında 2019-cu il üzrə “Gənclər üçün akademik Əli Quliyev adına mükafat” müsabiqəsi elan edir. Müsabiqənin şərtlərinə görə, bu mükafata İnstitutda çalışan və yüksək elmi nəticə göstərən bir gənc tədqiqatçı layiq görüləcək. Bunun üçün İnstitutun hər bir laboratoriya rəhbəri elmi fəaliyyəti ilə seçilən əməkdaşının namizədliyini irəli sürə bilər.
Namizədlərin seçimi zamanı onların nüfuzlu xarici (impakt faktorlu) jurnalda məqaləsinin dərc olunması, xarici ölkələrin birində beynəlxalq konfransda məruzə etməsi, əhəmiyyətli patent alması, elmi əsərlərinə olan istinadlar kimi əsas meyarlara üstünlük veriləcək.
Aşqarlar Kimyası İnstitutunun Mükafat üzrə Ekspert Komisiyası bütün namizədlər içərisindən 1 nəfəri İnstitut Elmi Şurasının müzakirəsinə təklif edəcək. Şura üzvləri təklif olunan namizədi müzakirə edib təsdiq edəcək.
Seçilmiş namizədə diplom və pul mükafatı akademik Əli Quliyevin doğum günündə (may ayının 31) təqdim olunacaq.
Laboratoriya rəhbərləri 15 may 2019-cu il tarixinə qədər mükafata təklif etdiyi namizədlər haqqında müvafiq sənədləri (tərcümeyi-hal, xasiyyətnamə, laboratoriya müdirinin təqdimatı və mükafata təklif olunan namizədlərin elmi əsərləri) İnstitut Gənc Alim və Mütəxəssislər Şurasına təqdim edə bilərlər.