Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” müsabiqəsinin qalibləri mükafatlandırılıb

34

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar AR Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər arasında keçirilən “Akademik Əli Quliyev adına mükafat” və “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev giriş nitqi ilə çıxış edərək bildirib ki, bu müsabiqə özəlliyi ilə əvvəlki müsabiqələrdən fərqlənib: “Belə ki, gənc alim və mütəxəssislərin elmi məruzələri İnstitutun ayrı-ayrı laboratoriyalarında ətraf mühitin ekoloji sağlamlaşdırılması və problemlərinin həllini əhatə edən, konkret olaraq neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kənara atılan yağların regenerasiyası, turş qudronun emalı və sair istiqamətdə apardıqları tədqiqatların nəticələrinə həsr edilib. Bunu da elmi müəssisəsnin və onun alimlərinin “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfəsi hesab etmək olar”.

Akademik müasir dünyanın qlobal çağırışları kontekstində gənc alim və mütəxəssislərin qarşısında duran vəzifələrdən danışıb, bilidrib ki, gənclər bundan sonra elmi hərəkatın hərəkətverici qüvvəsinə çevrilməlidirlər. Belə müsabiqələrin keçirilməsində məqsəd də onları bu proseslərə həvəsləndirməkdir.

İnstitutun icraçı direktoru, Müsabiqə Komissiyasının sədri professor Əfsun Sucayev hər iki müsabiqə haqqında məlumat verərək qaliblərin seçim meyarlarının namizədlərin məruzə etdiyi mövzunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırma səviyyəsi və bu mövzuda dərc etdirdikləri elmi əsərlər və sairdən ibarət olduğunu söyləyib.

O, “Akademik Əli Quliyev adına mükafat” və “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin seçim zamanı ekspert dəyərləndirməsinin şəffaf aparıldığını vurğulayıb.

Beləliklə, Ekspertlər Komissiyasının qərarı ilə son bir ildə elmi nailiyyətlərinə görə institutun kiçik elmi işçisi Nərgiz Məcdi “Akademik Əli Quliyev adına mükafat” ilə, magistr Bəyim İbrahimova “Ən yaxşı elmi məruzə” müsabiqənin I, doktorant  Şəfa Kazımzadə II, kiçik elmi işçi Samir Cəfərov isə III yerə və institutda çalışan gənclərdən Qasımova Gülşən, Vahidzadə Leyla və İsakov Mir Əli həvəsləndirici mükafatlara layiq görülüblər.

Qaliblərə diplom, gül və pul mükafatları verilib.

PAYLAŞ