AMEA Aşqarlar Kimyası İnstitutu əməkdaşlarının attestasiyası keçirilib

74

AMEA Aşqarlar Kimyası İnstitutunda çalışan işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi üçün 04-19 aprel 2022-ci il tarixlərdə attestasiya keçirilmişdir. İnstitutdan verilən məlumata görə, bu məqsədlə icraçı director k.e.d., dosent Əfsun Sucayevin rəhbərliyi ilə 6 nəfərdən ibarət komissiya yaradılmış, bir ay əvvəldən bütün laboratoriya və şöbə əməkdaşlarına hazırlıqları üçün bildiriş verilmiş, müvafiq sənədlər toplanaraq komissiyaya təqdim olunmuşdur.

Bütün işçilər əvvəlcədən müəyyənləşdirilən qrafik üzrə komissiya qarşısında müsahibəyə cəlb edilmiş, onların son 5 il ərzində elmi fəaliyyətinin nəticələri, illik iş planlarına uyğun yerinə yetirdikləri elmi işlərlə bağlı suallar verilmiş, elmmetrik meyarlar üzrə illik qiymətləndirmə nəticələri nəzərdən keçirilmiş, il ərzində dərc etdikləri məqalə, patent və konfrans materialları ilə bağlı statistik məlumatlar təhlil edilmişdir.

Attestasiyanın  nəticələrinə həsr olunan yekun toplantıda İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev əvvəlcə attestasiya komissiyasının üzvlərinə təşəkkür edib, attestasiyanın obyektiv aparıldığını, kimsəyə güzəşt edilmədiyini auditoriyaya bildirib.

Attestasiyanın nəticələrinə görə, prosesə cəlb edilən 119 elmi (o cümlədən mühəndis, laborant), 44 texniki işçi vəzifəsinə uyğun görülmüş, onlardan 19 əməkdaşın vəzifəsinin, 7 əməkdaşın dərəcəsinin artırılması tövsiyə olunmuşdur, 11 əməkdaşa xəbərdarlıq edilmiş, bəzi işçilər isə əvvəldən öz xahişləri ilə tutduğu vəzifədən azad edilmişlər.

Məlumat üçün qeyd edək ki, attestasiya ilə bağlı müvafiq tədbirlər müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.

PAYLAŞ