Laboratoriya müdiri
kimya elmləri doktoru
ƏFSUN SUCAYEV
Fizioloji fəal və digər funksiyalı üzvi birləşmələrin məqsədyönlü sintezi və tədqiqi
Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı tarixdən fəaliyyət göstərir. Müxtəlif illərdə laboratoriyaya AMEA-nın müxbir üzvü Rauf Babaxanov (1965-1969) və AMEA-nın akademiki Vaqif Fərzəliyev (1969-1988) və kimya elmləri doktoru, professor Mirzə Allahverdiyev (1988-2017) rəhbərlik etmişlər. 2018-ci ildən laboratoriyaya kimya elmləri doktoru, dosent Əfsun Sucayev rəhbərlik edir.
Laboratoriyanın elmi fəaliyyətinin əsas istiqamətini zərif üzvi sintez vasitəsilə yüksək təsirə malik antioksidantların və fizioloji fəal birləşmələrin sintezi və təsir mexanizminin tədqiqi, sürtkü yağlarına və yanacaqlara yüksək təsirli antioksidant aşqarların yaradılmasının elmi əsaslarının işlənib hazırlanması, həmçinin tərkib və quruluşlarınının funksionsl effektivliyinə təsirinin öyrənilməsi sahəsində sistemli tədqiqatlar təşkil edir. Laboratoriya yeni aşqarların sintezi, onların funksional təsir mexanizminin və həmçinin tərkib və quruluşlarının effektliyinə təsirinin öyrənilməsi sahəsində sistemli fundamental tədqiqatlar aparır.
Qeyd etmək lazımdır ki, maşın və mexanizmlərin normal iş şəraitində aşqarların təsir mexanizmini öyrənmək həddən artıq çətindir. Ona görə də laboratoriya şəraitində aşqarların təsir mexanizmini və onların quruluşları ilə funksional xassələri arasındakı əlaqənin ətraflı öyrənilməsi tədqiqatçılar qarşısında duran mühüm problemlərdən biridir.
Laboratoriyada uzun müddət müxtəlif kükürdüzvi birləşmələrin sintezi, onların yeyilmə və siyrilməyə qarşı aşqar kimi tədqiqi sahəsində sistemli tədqiqatlar aparılmışdır. Bu məqsədlə tərkibində kükürd olan üçüzvlü (tiiranlar) və dördüzvlü (tietanlar) tsiklik birləşmələr sintez edilmişdir. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, kükürd elementi üç- və dördüzvlü halqada yerləşən zaman bu birləşmələrin yeyilmə və siyrilməyə qarşı xassələri digər sinif kükürdüzvi birləşmələrdən xeyli yüksək olur.
Laboratoriyada ilk dəfə olaraq fenol, naftol və aromatik aminlərin kükürdlü törəmələrinin oksidləşmə inhibitorları kimi təsir mexanizmi öyrənilmiş, həmin inhibitorlarla karbohidrogenlərin oksidləºmə prosesinin qarşısının alınmasının elementar reaksiyalarının kinetik qanunauyğunluqları və miqdarı xarakteristikaları müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, qeyd olunan antioksidantlar kombinə təsirə malikdir: peroksid radikallarını dəf edərək oksidləşmə zəncirini qırır və hidroperoksidlərə oksidləşərək hidroperoksidləri katalitik olaraq molekulyar maddələrə parçalayan və çoxlu miqdarda peroksid radikallarını dəf edən maddəyə çevrilir.
Fundamental tədqiqatların nəticələrinə əsasən sürtkü yağları və yanacaqların oksidləşməsinin qarşısını alan yüksək və kombinə təsirə malik yeni aşqarlar sintez edilmiş, bu aşqarların yüksək təsirli sinergetik kompozisiyaları işlənilmişdir.
ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmaları Mərkəzininin aparıcı mütəxəssisləri ilə aparılan beynəlxalq müştərək tədqiqatlar nəticəsində müasir kompüter proqram təminatlarının imkanlarından istifadə edərək kvant kimyəvi hesablamaları ilə tiokarbamid, benzaldehid və ammonyakın 33.5%-li suda məhlulunun qarşılıqlı təsirilə 4,6-difenil-1,3,5-triazin-2-tionun sintezi nümunəsində üçkomponentli kondensləşmə reaksiyaların təcrübi-nəzəri mexanizmi müfəssəl tədqiq edilmiş və təsdiq edilmişdir. Tərəfimizdən müəyyənləşdirilən mexanizmə görə, ammonyakın benzaldehidə nukleofil həmləsi ilə başlayan reaksiya 7 tranzit mərhələdən sonra arzu olunan məhsulla nəticələnir. Həmçinin bu birləşmələrin rentgen quruluş analiz üsulu ilə fəza və asimmetrik izomer formaları müfəssəl tədqiq edilmiş və həmin maddənin trans izomer halında mövcud olduğu təsdiq edilmişdir.
Tiokarbamid, aromatik aldehid və aminlərin qarşılıqlı təsirindən sintez olunan triazintionların yeni törəmələrinin Türkiyə alimləri ilə birgə canlı orqanizmdə asetilxolinesteraz (AChE) və a-qlikosidaz (α-Gly) fermentləri üzrə yüksək antixolinerjik və antidiabetik inhibitor təsirlərə malik olduğu müəyyənləşdirilmiş və məlum olmuşdur ki, bu maddələrin molekulunda bir neçə asan oksidləşə bilən funksional qrupun olması onların standart dərman maddələri olan Takrin və ACR-ə nisbətən 2-4 dəfə yüksək farmokoloji təsir göstərməsi ilə nəticələnir.
Laboratoriya əməkdaşları bir çox beynəlxalq və respublika konfranslarında məruzələrlə çıxış etmiş, gənc alimlər xarici ölkələrin aparıcı elmi mərkəzlərində təcrübə mübadiləsinə cəlb olunmuşlar.
Laboratoriya ABŞ Buffalo Universiteti Kompüter Hesablamalar Mərkəzi, İtaliya Milli Tədqiqat Şurasının Biomolekulyar və Biogörüntüləmə İnstitutu, Rusiya EA-nın Kimyəvi-Fizika, Elementüzvi Birləşmələr institutları, Moskva Dövlət Universiteti, Moskva Zərif Kimya Texnologiya Akademiyası, Türkiyənin Orta Doğu Texnik, Hacettepe və Atatürk universitetləri, Belarus Milli Elmlər Akademiyasının Bioaktiv maddələrin biokimyası İnstitutu ilə elmi əlaqələr saxlayır.
Laboratoriyanın fəaliyyəti müddətində 5 kimya üzrə elmlər doktoru və 20 kimya üzrə fəlsəfə doktoru hazırlanmış, 1000-dən çox məqalə dərc edilmiş, 150-yə qədər müəlliflik şəhadətnaməsi və patent alınmışdır.