Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları laboratoriyası

Laboratoriya müdiri

kimya üzrə elmlər doktoru, professor

MİRZƏ ALLAHVERDİYEV

Sürtkü yağlarına və yanacaqlara yüksək təsirli aşqarların sintezinin elmi əsaslarının işlənilməsi, yeni sinif aşqarların sintezi, onların təsir mexanizminin öyrənilməsi, funksional xassələrinin effektliyinin tərkib və quruluşlarından asılılığının tədqiqi

 Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı tarixdən fəaliyyət göstərir. Müxtəlif illərdə laboratoriyaya AMEA-nın müxbir üzvü Rauf Babaxanov (1965-1969) və AMEA-nın akademiki Vaqif Fərzəliyev (1969-1988) rəhbərlik etmişlər. 1988-ci ildən laboratoriyaya kimya üzrə elmlər doktoru, professor Mirzə Allahverdiyev rəhbərlik edir.

Laboratoriyanın elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağlarına və yanacaqlara yüksək təsirli aşqarların yaradılmasının elmi əsaslarının işlənilməsi təşkil edir. Laboratoriya yeni aşqarların sintezi, onların funksional təsir mexanizminin və həmçinin tərkib və quruluşlarının effektliyinə təsirinin öyrənilməsi sahəsində sistemli fundamental tədqiqatlar aparır.

Qeyd etmək lazımdır ki, maşın və mexanizmlərin normal iş şəraitində aşqarların təsir mexanizmini öyrənmək həddən artıq çətindir. Ona görə də laboratoriya şəraitində aşqarların təsir mexanizmini və onların quruluşları ilə funksional xassələri arasındakı əlaqənin ətraflı öyrənilməsi tədqiqatçılar qarşısında duran mühüm problemlərdən biridir.

Laboratoriyada uzun müddət müxtəlif kükürdüzvi birləşmələrin sintezi, onların yeyilmə və siyrilməyə qarşı aşqar kimi tədqiqi sahəsində sistemli tədqiqatlar aparılmışdır. Bu məqsədlə tərkibində kükürd olan üçüzvlü (tiiranlar) və dördüzvlü (tietanlar) tsiklik birləşmələr sintez edilmişdir. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, kükürd elementi üç- və dördüzvlü halqada yerləşən zaman bu birləşmələrin yeyilmə və siyrilməyə qarşı xassələri digər sinif kükürdüzvi birləşmələrdən xeyli yüksək olur.

Laboratoriyada ilk dəfə olaraq fenol, naftol və aromatik aminlərin kükürdlü törəmələrinin oksidləşmə inhibitorları kimi təsir mexanizmi öyrənilmiş, həmin inhibitorlarla karbohidrogenlərin oksidləºmə prosesinin qarşısının alınmasının elementar reaksiyalarının kinetik qanunauyğunluqları və miqdarı xarakteristikaları müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, qeyd olunan antioksidantlar kombinə təsirə malikdir: peroksid radikallarını dəf edərək oksidləşmə zəncirini qırır və hidroperoksidlərə oksidləşərək hidroperoksidləri katalitik olaraq molekulyar maddələrə parçalayan və çoxlu miqdarda peroksid radikallarını dəf edən maddəyə çevrilir.

Fundamental tədqiqatların nəticələrinə əsasən sürtkü yağları və yanacaqların oksidləşməsinin qarşısını alan yüksək və kombinə təsirə malik yeni aşqarlar sintez edilmiş, bu aşqarların yüksək təsirli sinergetik kompozisiyaları işlənilmişdir.

Laboratoriya əməkdaşları bir çox beynəlxalq və respublika konfranslarında məruzələrlə çıxış etmiş, gənc alimlər xarici ölkələrin aparıcı elmi mərkəzlərində təcrübə mübadiləsinə cəlb olunmuşlar.

Laboratoriya Rusiya EA-nın Kimyəvi-Fizika, Elementüzvi Birləşmələr institutları, Moskva Dövlət Universiteti, Moskva Zərif Kimya Texnologiya Akademiyası, Türkiyənin Orta Doğu Texnik və Hacettepe universitetləri ilə elmi əlaqələr saxlayır.

Laboratoriyanın fəaliyyəti müddətində 4 kimya üzrə elmlər doktoru və 10 kimya üzrə fəlsəfə doktoru hazırlanmış, 1000-dən çox məqalə dərc edilmiş, 150-yə qədər müəlliflik şəhadətnaməsi və patent alınmışdır.