Yanacaq kompozisiyaları laboratoriyası

Laboratoriya müdiri

kimya üzrə fəlsəfə doktoru

İRADƏ EYVAZOVA

Yanacaqların istismar keyfiyyətlərini yaxşılaşdıran yeni üzvi birləşmələrin sintezi, tədqiqi və onların əsasında yanacaq                                                                 kompozisiyalarının yaradılması

Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı tarixdən fəaliyyətə başlamışdır. 1965-1983-cü illərdə laboratoriya müdiri vəzifəsini texnika üzrə fəlsəfə doktoru, baş elmi işçi Ziyad Əliyev; 1984-2021-сi illərdə laboratoriyaya kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mirzə Mövsümzadə icra etmişlər. 2022-ci ildən başlayaraq kimya üzrə fəlsəfə doktoru İradə Eyvazova laboratoriyaya rəhbərlik edir.

Laboratoriyada tərkibində müxtəlif qruplar və heteroatomlar saxlayan üzvi birləşmələr sintez edilmiş, bu birləşmələrin tərkibindəki funksional qruplardan və heteroatomlardan asılı olaraq onların aşqar kimi təsiri öyrənilmiş və yüksək istismar keyfiyyətlərinə malik aşqar paketləri hazırlanmışdır.

Tədqiqatlar nəticəsində dizel yanacaqlarının setan ədədini artırmaq və onların istismarı zamanı tüstülənməni və zərərli qazların miqdarını azaltmaq məqsədilə bir sıra asetallar, ketallar və alkilfenollar əsasında metalsaxlayan birləşmələr sintez edilmişdir. Sintez edilmiş birləşmələrin yanacaqların saxlanılması və istismarı zamanı onlarda gedən proseslərə təsiri öyrənilmişdir.

Keçmiş İttifaqda ilk dəfə olaraq dizel yanacaqları üçün sənaye alkilfenolları əsasında yüksək keyfiyyətli ИХП-706 aşqarı yaradılmışdır. Bu aşqardan 0,5% (kütlə) dizel yanacağına əlavə olunduqda, mühərrikin çıxışında tüstülənmə 50-60%, kanserogen maddələrin miqdarı isə 40-50% azalır. Keçmiş SSRİ Dövlət Komissiyasının qərarı ilə ИХП-706 aşqarının sənaye istehsalına və dizel yanacaqlarına aşqar kimi tətbiqinə buraxılış verilmişdir. Bu aşqar keçmiş Sovet İttifaqının müxtəlif mühərrik istehsal edən zavodlarında və şəhər nəqliyyatında (Moskva, Leninqrad, Kiyev, Volqoqrad, Düşənbə, Daşkənd, Barnaul, Bakı və s.) tətbiq edilmişdir.

Laboratoriya kollektivinin nailiyyətlərindən biri də aviasiya yanacaqları üçün yüksək keyfiyyətli ИХП-712 aşqarının işlənilməsi olmuşdur. Reaktiv yanacaqlarda çöküntünün qarşısını alan aşqar kimi fenolların aminli törəmələri alınmışdır. Sintez olunan birləşmələrin fiziki-kimyəvi göstəriciləri tam öyrənilmiş, onların quruluşu müasir fiziki üsullarla təsdiq edilmişdir. Fenolun aminli törəməsi olan ИХП-712 aşqarı TC-1 yanacağına qatıldıqda ondan, əlavə texnoloji proses keçmədən, keyfiyyətli reaktiv yanacaq (RT) almaq mümkündür. RT yanacağı Moskvanın ВНИИНП və başqa elmi-tədqiqat müəssisələri ilə birgə geniş və hərtərəfli sınaqlardan keçirilmiş və müsbət nəticələr göstərmişdir. Yalnız uçuş sınaqlarının aparılması mərhələsi qalmışdır.

Son 20 ildə bu istiqamətdə tədqiqatlar daha da genişləndirilmiş, ИХП-706 aşqarında bariumun kalsiumla əvəz edilməsi nəticəsində onun yeni modifikasiyası işlənilmişdir. Aşağıküllü aşqarlar almaq məqsədilə tərkibində azot saxlayan yeni birləşmələr sintez olunaraq, yanacaqlarda aşqar kimi tədqiq edilmişdir.

Laboratoriyada aparılan elmi-tədqiqat işlərinin bir istiqaməti də biodizel yanacağı əsasında ekoloji təhlükəsiz, yüksək keyfiyyətli aşqar və yanacaq kompozisiyalarının yaradılmasıdır. Bu məqsədlə bitki yağlarının efirləşmə reaksiyası aparılır, alınmış qarışıq məhsulların tərkibinə heteroatomlar (N, S), qələvi metallar və müəyyən keyfiyyət göstəricilərinə malik funksional qruplar daxil edilır.

Laboratoriyada inkişaf etdirilən elmi istiqamətlər vacib xalq təsərrüfatı məsələlərinin iqtisadi səmərə ilə həll edilməsinə və ətraf mühitin ekoloji təhlükəsizliyinin qorunmasına imkan verəcəkdir.