AMEA Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodunun kompleks elmi-texniki işi “Dövlət Mükafatı”na təqdim olunub

107

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutu və Təcrübə-Sənaye Zavodu MMC-nin əməkdaşları tərəfindən işlənilmiş “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” adlı kompleks elmi-texniki iş texnika sahəsi üzrə Azərbaycan  Respublikasının “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı”na təqdim olunub. Bununla əlaqədar AMEA Rəyasət Heyəti qərar qəbul edib.

Məlumata görə, hər iki qurum son bir neçə ildir ki, respublikanın müdafiə qüdrətinin yüksəldilməsi istiqamətində birgə fəaliyyət göstərir. Aparılmış birgə elmi tədqiqat və tətbiqi işlərin nəticəsində itiyerişli yerüstü texnikanın yüksək gücləndirilmiş dizel mühərrikləri üçün xüsusi təyinatlı motor yağları yaradılmış və istehsalı təşkil edilmişdir.

Yaradılmış motor yağı həm xaricdə həmdə daxildə xüsusi təyinatlı müəssisələrdə müvafiq mühərriklərdə stend sınaqlardan uğurla keçmiş və yeni nəsil yüksək gücləndirilmiş xüsusi təyinatlı dizel mühərriklərində istifadə üçün təklif olunmuşdur.

Yaradılmış xüsusi təyinatlı motor yağına “Məxfi” qriflə Azərbaycan patenti alınmışdır.

AMEA-nın Rəyasət Heyəti ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi və iqtisadi inkişafı baxımından Aşqarlar Kimyası İnstitutunun və Təcrübə Sənaye Zavodunun əməkdaşları tərəfindən  işlənilən “Xüsusi təyinatlı sürtkü yağlarının  yaradılması və istehsalının təşkili” ilə bağlı elmi iş yüksək qiymətləndirmiş, həmin kompleks elmi-texniki işin yerinə yetirilməsində iştirak edən müəlliflər kollektivinin 2022-ci il üçün texnika sahəsi üzrə Azərbaycan Respublikasının “Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı”na təqdim olunmasını məqsəduyğun saymışdır.

Məlumat üçün bildirək ki, təqdim olunan iş Aşqarlar Kimyası İnstitutunun baş            direktoru akademik Vaqif Fərzəliyevin rəhbərliyi ilə, İnstitutun laboratoriya müdiri, tex.e.d., professor Həqiqət Cavadova, icraçı direktoru, k.e.d., dosent Əfsun Sucayev, Təcrübə-Sənaye Zavodu MMC-nin baş  direktoru, i.ü.f.d. Vasif Abbasov və Zavodun icraçı direktoru, k.ü.f.d. Səxavət Rüstəmov tərəfindən yerinə yetirilmişdir.

PAYLAŞ