“Heydər Əliyev İli” çərçivəsində məktəblilər Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər

238

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu “Heydər Əliyev İli” çərçivəsində orta məktəblərin şagirdləri üçün “Açıq qapı” elan edib. Bu məqsədlə qəbul edilən Tədbirlər Planına uyğun olaraq 1 mart 2023-cü il tarixində Bakı şəhəri M.Rahim adına 7 nömrəli orta məktəbin 7 və 8-ci sinif şagirdləri Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.

İlk öncə İnstitut rəhbərliyi və qonaqlar “Heydər Əliyev Guşəsi” qarşısında ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və tər çiçəklər qoyublar.

Sonra məktəblilərlə görüşdə qonaqları salamlayan İnstitutun Baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib: “Bu ölməz liderimiz, tarixi şəxsiyyət Heydər Əliyevin xatirəsinə olan sonsuz hörmətin bariz nümunəsidir. Biz də İnstitutda bu illə əlaqədar Tədbirlər Planı hazırlamışıq. Həmin planda nəzərdə tutulan tədbirlərdən biri də kimya elminə maraq oyatmaq üçün paytaxtda və ya regionlarda yerləşən orta məktəb şagirdlərin İnstituta ekskursiyaların təşkilidir”.

O, qeyd edib ki, elmlə təhsilin vəhdəti təkcə universitetlərlə deyil, orta məktəblərlə də olmalıdır: “Ona görə də tarixi muzeylər kimi elmi-tədqiqat müəssisələri də qapılarını istedadlı şagirdlərin üzünə açmalı, onların fiziki-kimyəvi proseslərlə əyani tanış olmalarını təmin etməlidir”.

V.Fərzəliyev Azərbaycanın neft ölkəsi olduğunu nəzərə çatdıraraq vurğulayıb ki, keçmiş Ittifaqda aşqarların (neft məhsullarına əlavələr) işlənib hazırlanması və istehsalı da ilk dəfə olaraq məhz respublikamızda həyata keçirilmişdir.

Baş direktor Aşqarlar Kimyası İnstitutunun yaranma tarixindən, elmi fəaliyyət istiqamətləri, institutda aparılan fundamental tədqiqatlardan, əldə olunan nailiyyətlərdən, İnstitutda çalışmış və dünyasını dəyişən Azərbaycanın görkəmli kimyaçı alimləri kimi – akademik Əli Quliyev və akademik İzzət Orucova haqqında, o cümlədən özünün keçdiyi elm yolundan danışıb, uşaqlara öz məsləhətlərini verib və qeyd edib ki, belə görüşlərin məktəblilərin elmə həvəsləndirilməsində rolu böyükdür.

Sonra şagirdlərin sualları cavablandırılıb.

Şagirdlər İnstitutun gənc alimlərindən – kimya üzrə fəlsəfə doktoru Səbiyə Osmanova, Günay İsmayılova, Mənsurə Hüseynova, Lalə Əliyeva və Sevinc Talıblının təqdimatlarında laboratoriyalarda müasir fiziki-kimyəvi cihaz və avadanlıqlarla tanış olublar, bəzi əyləncəli-öyrədici təcrübələri izləyiblər.

PAYLAŞ