Kimyaçı alimin beynəlxalq rəyçi fəaliyyəti “Wiley”nəşriyyatı tərəfindən çox yüksək qiymətləndirilib

586

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin “Kimya və Biomüxtəliflik” adlı beynəlxalq jurnaldakı (“Chemistry & Biodiversity”) rəyçilik fəaliyyəti sertifikata layiq görülüb. Bu barədə institutdan verilən məlumatda bildirilib ki, Əfsun Sucayev bu sertifikatla jurnalın redaktorları və redaksiya heyəti tərəfindən çox yüksək qiymətləndirilən 2021-ci ildəki fəaliyyətinə görə təltif edilib.

Ə.Sucayev bu jurnalla 2020-ci ildən əməkdaşlıq edir. Jurnal əsasən beynəlxalq auditoriya üçün biorelevant mövzuların geniş spektrini əhatə edən nəşriyyat forumu kimi xidmət edir. Bu jurnal təbiətin molekulyar səviyyədə necə işlədiyinə dair anlayışımızı genişləndirmək məqsədi ilə kimya və biologiya elmləri arasında sərhəddə yerləşən bütün tədqiqat sahələrini əhatə edir. O, tədqiqat məqalələri, dəvət olunmuş rəylər və perspektivlər şəklində həm sahəyə aid, həm də fənlərarası töhfələri dərc edir.

Qeyd edək ki, dünyanın nüfuzlu nəşriyyatlarından biri sayılan “Wiley”in nəşri olan “Chemistry & Biodiversity” “Web of Science” bazasına daxildir. Jurnalın impact faktoru 2.408-dir.

PAYLAŞ