Kimyaçı alimlərin əldə etdiyi mühüm nəticələr Alzgeymer və şəkərli diabetin müalicəsi üçün yeni dərman maddələrinin yaradılmasına kömək edə bilər

433

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ), Türkiyənin Atatürk Universiteti və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin akademik A.Favorski adına İrkutsk Kimya İstitutu alimlərinin apardıqları müştərək beynəlxalq tədqiqatları zamanı mühüm elmi nəticələr əldə olunmuşdur.

AKİ-dən verilən məlumata görə, kimyaçı alimlərin aldıqları molekulda azot saxlayan 13 ədəd yeni heterotsiklik birləşmələrin asetilxolinesteraza və α-qlikozidaza fermentlərinə qarşı fizioloji fəallığı araşdırılmış və məlum olmuşdur ki, bu maddələr Alzgeymer xəstəliyi və şəkərli diabet də daxil olmaqla, dünyada geniş yayılmış bəzi qlobal xəstəliklərin müalicəsi üçün yeni dərmanların inkişafına kömək edə bilər.

Artıq bu mühüm elmi nəticə məqalə şəklində beynəlxalq bazada referatlaşdırılmış nüfuzlu “ChemistrySelect”  xarici jurnalda birgə müəllifliklə ( https://chemistry-europe.onlinelibrary.wiley.com/doi/10.1002/slct.202200370) dərc olunub.

Məqalə azot əsaslı yeni heterosiklik birləşmələrin sintezi, xarakteristikası, molekulyar dokinqi, asetilxolinesteraza və α-qlikosidazanın inhibə profillərinin qiymətləndirilməsində yeni yanaşmalara həsr olunmuşdur.

Məlumat üçün bildirək ki, Web of Science (Clarivate Analytics), SCOPUS (Elsevier) və digər nüfuzlu beynəlxalq elmi bazalarda arxivləşmiş, Q2 kateqoriyalı “Wiley” nəşriyatının nüfuzlu jurnallarından biri hesab olunan“ChemistrySelect”nin impakt faktoru 2.109-dur. Kimya, biokimya, farmakologiya, tibbi və molekulyar biologiya sahəsində ixtisaslaşmış bu jurnal tibb, kimya və biologiyanın multidissiplinar tədqiqatları ilə bağlı mühüm nəticələri mütəmadi olaraq yayımlayır.

PAYLAŞ