AMEA Aşqarlar Kimyası İnstitutunda “Elmi dərəcələr” və “Elmi adlar”ın verilməsinin yeni qaydaları müzakirə olunub

208

Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda növbəti seminar keçirilib. İclası giriş nitqi ilə açıq elan edən İnstitutun direktor müavini k.ü.e.d., professor Mirzə Mövsümzadə bildirib ki, bu seminarın mövzusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 11 iyun 2019-cu il tarixdə təsdiq olunan “Elmi dərəcələr verilməsi qaydası haqqında əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında əsasnamə”lərdə baş verən dəyişikliklərə həsr olunub.

O qeyd etdi ki, Prezident Fərmanı ilə təsdiq olunmuş hər iki əsasnamə müasir tələblərə cavab verməklə, yüksək ixtisaslı kadr kimi fəlsəfə və elmlər doktoru hazırlanmasına öz töhvəsini verəcək.

“Elmi dərəcə və elmi adların verilməsi qaydasında yeniliklər” mövzusunda məruzə edən İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev bildirdi ki, bu mövzuda müzakitrə təşkil etməyin əsas məqsədi elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsinə iddia edən doktorant, dissertantların, eyni zamanda professor və dosent elmi adına iddia edən elmi işçilərin sözügüdən əsasnamədəki yeniliklərlə tanış edilməsi və onları maraqlandıran məqamlara aydınlıq gətirilməsi idi.

O qeyd etdi ki, istər elmi dərəcələrin, istərsə də elmi adların verilməsində yeniliklər edilib: “Bu dəyişikliklər əsasən fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyənlər üçün minimum imtahanlardan tutmuş, dissertasiya və avtoreferatların tərtibi də daxil olmaqla, əldə olunan elmi nəticələrin dərc olunduğu elmi əsərlərin keyfiyyət və kəmiyyət göstərəicilərinə, dissertasiya işinin müdafiəsi ilə bağlı tələblərə qədər əhatə edir. Bu kimi ciddi dəyişiklikləri elmlər doktoru elmi dərəcəsi üçün müəyyənləşdirilən tələblərdə görmək mümkündür”.

Ə.Sucayev professor və dosent elmi adları haqqında təsdiq olunan dəyişikliklərdən söz salaraq bununla bağlı yenilikləri ardıcıllıqla sadaladı və əvvəlki qaydalarla oxşar və fərqli cəhətlərinə aydınlıq gətirdi.

Sonda seminar iştirakçıların bütün sualları cavablandırıldı.

PAYLAŞ