Yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyası

Laboratoriya müdiri

kimya elmləri doktoru, professor

PƏRVİN  MƏMMƏDOVA

Tərkibində müxtəlif heteroatomlar saxlayan yeni üzvi birləşmələrin sintezi və onların əsasında yağlayıcı-soyuducu kompozisiyala­rın yaradılması

Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı gündən fəaliyyət göstərir. Müxtəlif illərdə laboratoriyaya kimya üzrə fəlsəfə doktoru İslam Namazov (1965-1970), biologiya üzrə fəlsəfə doktoru Müşafərim Hacıyeva (1970-1974), kimya elmləri doktoru Mais Şahgəldiyev (1974-1986), kimya elmləri doktoru Səfiyar Əliyev (1987-1997), texniki elmlər doktoru, professor, AMEA-nın akademiki Kamil Sadıxov (1998-2001) rəhbərlik etmişlər. 2001-ci ildən etibarən laboratoriyaya kimya  elmləri doktoru, professor Pərvin Məmmədova rəhbərlik edir.

Laboratoriyada əmtəə aşqarları və institutda sintez olunmuş müxtəlif funksional təyinatlı geniş çeşidli aşqarlardan istifadə etməklə yaradılmış kompozisiyalar əsasında metalların mexaniki emalı zamanı istifadə edilən yüksək effektli yağlayıcı-soyuducu mayelərin (YSM) yaradılmasının elmi əsasları və tətbiqi istiqamətində tədqiqatlar aparılır.

Müxtəlif üzvi birləşmələrin və onların kompozisiyalarının metalların kəsmə ilə emalı prosesinə təsirinin tədqiqi nəticəsində bir sıra effektli YSM: su əsasında (НСК-5); yağ əsasında (ИХП-1,-2,-4,-10, -41, -22, -76, -100); emulsiya əsasında (Азерол-1, -2, -3, -4, -5) işlənilmiş və sənayedə tətbiq edilmişdir.

Son illərin tədqiqatları iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz və az komponentli, ucuz YSM kompozisiyalarının işlənilməsinə yönəlmişdir. Bu istiqamətdə ayrı-ayrı komponentlərin kimyəvi tərkibi, quruluşu və effektliyi arasında qarşılıqlı əlaqənin öyrənilməsi, həm də kompozisiyanın tərkibində komponentlərin uyğunlaşması, onların funksional və istismar xassəsinin tədqiqi, yeni YSM kompozisiyalarının alınma texnologiyasının işlənilməsi, sənaye miqyasında istehsalının təşkili və respublikanın müxtəlif maşınqayırma zavodlarında tətbiqi istiqamətində işlər aparılır. Laboratoriyada sürtkü yağları və YSM üçün oksidləşmə, korroziya, yeyilmə və mikroblara qarşı yüksək effektli birləşmələr – orto-əvəzolunmuş α-metilbenzilfenollar, bisfenollar, onların S-, N-, hidroksil-, karbonil-, karboksil-, metal tərkibli törəmələrinin, həmçinin etilen və asetilen sıralı karbohidrogenlərin törəmələrinin məqsədyönlü və sistemli sintezi və tədqiqatları aparılır.

Laboratoriya əməkdaşlarının aktual problem olan neft məhsullarının biozədələnmədən qorunması istiqamətində apardıqları işlər əhəmiyyətli və faydalıdır.

Kollektiv tərəfindən Ukrayna Texnoloji Mərkəzinin maliyyə dəstəyi ilə: “Neftlə çirklənmiş torpaqların bioremediasiyası”, “Azərbaycan neftlərinin biomarkerləri”, “Neftlə çirklənmiş torpaqların fitoremediasiyası” və “Ekoloji təmiz gübrələrin biokimyəvi istehsal texnologiyasının yaradılması”, CRDF tərəfindən maliyyələşən “Az komponentli, ekoloji təmiz və biostabil YSM kompozisiyasının işlənib hazırlanması” və “Zülali yemin mikrobioloji sintezi” layihələri yerinə yetirilmişdir.

2013-cü ildə İslam İnkişaf Bankının keçirdiyi “Elmi-tədqiqatlar üzrə müsabiqə”də laboratoriyada yerinə yetirilmiş “Azərbaycanın neftlə çirklənmiş torpaqlarının bioloji təmizlənməsi” adlı iş yüksək qiymətləndirilərək birinci mükafata layiq görülmüşdür.