Alimlər sümük toxumasının bərpası üçün yeni material yaradıblar

59

Rusiyanın S.P.Korolyov adına Samara Universitetinin bioloqları osteoporozun müalicəsi üçün yeni unikal biomaterial hazırlayıb.

RİA novosti saytının verdiyi xəbərə görə, sözügedən materialın tətbiqi sümük toxumasında təkcə itirilmiş mineral komponentləri deyil, üzvi tərkibi də bərpa etməyə imkan yaradacaq. Tədqiqatın nəticələri “Journal of Optical Technology” nəşrində dərc edilib.

Alimlərin fikrincə, osteoporoz insanların əziyyət çəkdiyi ürək-damar, onkoloji xəstəliklər və şəkərli diabetdən sonra dördüncü yerdədir.

Samara Universiteti, Samara Tibb Universiteti və “Toxuma mühəndisliyi” ali məktəblərarası beynəlxalq laboratoriyanın elmi kollektivi osteoporozun müalicəsində korreksiya üçün material – hidroksiapatit hazırlayıblar.

Tədqiqatçıların sözlərinə görə, yeni materialın unikallığı ondan ibarətdir ki, onun tərkibində təkcə mineral deyil, üzvi komponentlər də olur. Bu, osteoporozun müalicəsində sümük toxumasının korreksiyası üçün itirilmiş mineral komponentləri, həmçinin üzvi tərkibi bərpa etməyə imkan yaradır ki, sonuncu da bütün biotoxumanın “karkası” hesab edilir.

Alimlər, həmçinin məlumat veriblər ki, osteoporozda sümük toxuması tərkibinin tədqiqi üzrə eksperiment aparılıb: xəstəliyin müxtəlif variantlarında sümük toxumasında dəyişikliyin xüsusiyyəti qiymətləndirilib. Əldə edilmiş nəticələr klinikəqədər mərhələdə osteorezorbsiyanın qarşısının alınması üçün yeni biomaterialın tətbiqində sümük toxumasının fərdi olaraq kompleks qiymətləndirilməsi metodunu işləyib hazırlamağa imkan verəcək. Bu, həm yerüstü, həm də mikroqravitasiya şəraitinə aiddir. Belə ki, kosmik uçuşdakı çəkisizlik sümük kütləsinin spesifik itməsinə səbəb olur ki, bu da osteoporozun yaranmasına gətirib çıxarır.

science.az

PAYLAŞ