AMEA Aşqarlar Kimyası İnstitutu alimlərinin elmi rəhbərliyi altında Mingəçevir məktəbliləri “Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qatılıblar

515

11-13 fevral 2020-ci il tarixlərində  “Sabahın alimləri” IX Respublika Müsabiqəsi keçirilir. Məktəblilərin respublika əhəmiyyətli bu bilik yarışına təkcə paytaxtdan deyil, region məktəblərindən də böyük maraq vardır. Onlardan biri də Mingəçevir şəhər 16 saylı orta məktəbin şagirdləri Həsənli  Raya  Zaur qızı və Əsgərli  Sevil Seymur qızıdır. “Bu günün şagirdi, sabahın alimi” olacaq bu yeniyetmələr müsabiqənin “Tibb və sağlamlıq” bölməsi üzrə “Acı badamdan müalicəvi badam yağının alınması” layihəsi ilə qatılıblar. Şagirdlər öz elmi ideyalarını AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin elmi rəhbərliyi altında həyata keçirməyə çalışıblar.

Layihə müəllifi Raya Həsənlinin sözlərinə görə, məqsədləri ölkəmizdə, xüsusən Bakı və Abşeron yarımadasında geniş torpaq sahələrində yabanı bitən acı badam meyvəsindən min dərdin dərmanı olan müalicəvi badam yağının alınması texnolojiyasının hazırlanmasından ibarət olmuşdur. O, layihənin mövzusunun aktuallığını belə izah edir ki, badam yağı qədim təbabətdə ən çox istifadə edilən vasitələrdən biri idi. Bu yağın çox istifadə edilməsinin səbəbi təbii ki, faydalılığına, qısa zaman ərzində müsbət təsir göstərməsidir. Onun sözlərinə görə, müasir dövrdə də bu yağdan istifadə edənlər var. Ancaq daha çox ola bilərdi, yəqin ki, belə olmamasının səbəbi insanların badam yağının faydalarından yetərincə məlumatlı olmamalarıdır: “Acı badam meyvəsindən müalicəvi badam yağının alınması Azərbaycanda müasir təbabətimizin həllini gözləyən əsas problemlərindən biridir. Abşeron əsas təşkil etməklə, əksər iqtisadi rayonlarda geniş torpaq sahələrində yabanı şəraitdə bitən və kənara atılan meyvəsi orqanizmi müxtəlif xəstəliklərdən qoruyan C, B, K və E vitaminlərinin zəngin deposu hesab olunur. Bundan başqa acı badamdan alınan yağ immuniteti gücləndirir. Qan təzyiqini normada saxlayır. Qan dövranına müsbət təsir edir. Yaddaşı gücləndirir. Sinir sisteminə yaxşı təsir göstərir. Bu yağ xolesterol səviyyəsini normada saxlayır. Həzmi asanlaşdırır. Badam yağı ürəyin sağlamlığı üçün xeyirlidir.Laboratoriya şəraitində bu yağla bağlı geniş tədqiqatlar aparmışıq, müxtəlif faktorların alınan yağın göstəriilərinə təsirini öyrənmişik. Alınan nəticələr təsdiq edir ki, acı badamdan alınan yağ geniş funksional keyfiyyət göstəricilərinə malikdir”.

Şagirdlər elmi rəhbərləri Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru Əfsun Sucayev, elm işçi Mirəli İsakovun rəhbərliyi altında laboratoriya şəraitində yağın alınma texnologiyası öyrənilmişdir. Hazırda bu bitkinin müalicə əhəmiyyətini genişləndirmək və ölkə səviyyəsinə qaldırmaq üçün acı badam yağının alınması üçün laboratoriya şəraitində təcrübi-istehsal qurğusunun layihələndirilməsi və onun əsasında hələki gündəlik 1kq məhsuldarlığı olan qurğunun inşa edilməsi məqsədəuyğun hesab edilir. Sonrakı mərhələdə istehsalın həcmini artırmaqla daxili tələbatın tam yerli istehsal hesabına ödənilməsi mümkün ola bilər. Bundan ötrü ölkəmizdə Pirallahı rayonunda yerləşən Dərman Zavodu, eləcə də AMEA Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq nəzərdə tutulmuşdur.

Layihə müəllifləri olan şagirdlər öz texnoloji sxemin mini maketini hazırlayıb sərgidə nümayiş etdirirlər. Bu layihə tədbir təşkilatçıları və ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

PAYLAŞ