AMEA Aşqarlar Kimyası İnstitutunda 28 may –Respublika Gününə həsr edilmiş gənc alimlərin onlayn elmi seminarı keçirilib

133

Bu gün AMEA Aşqarlar Kimyası İnstitutu YAP Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 28 may – Respublika Gününə həsr olunmuş gənc alimlərin elmi seminarı keçirilib.

Pandemiya ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun olaraq “Zoom” platforması üzərindən videoformatda təşkil olunan seminarı giriş nitqi ilə açıq elan edən İnstitutun elm işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev bildirdi ki, Respublika günü  – 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Məhz, 1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyətin yarandığını elan edib.

Ə.Sucayev qeyd etdi ki, Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib: “Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşı tamam olmamış devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. 1991-ci ildə isə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu”.

Direktor müavini qeyd edib ki, müstəqilliyimizin bərpası asan başa gəlməyib. 90-ci illərin əvvələrində respublikamız ağır sınaqlar, real vətəndaş müharibəsi, dağılmaq təhlükəsi qarşısında qalmışdı: “Yalnız Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyimiz tam bərpa olunub, davamlı inkişafa nail ola bilib”.

Ə.Sucayev Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə respublikamızın müstəqilliyi daha da möhkəmlənib, ən əsası 30 illik işğala son qoyulub, 44 günlük Vətən Müharibəsində şanlı ordumuzun şücaəti sayəsində ərazi bütövlüyümüz tam bərpa olunub.

O qeyd etdi ki, hazırda yeni tarixi reallıqlar yaranıb: “Cənab Prezidentin tövsiyələrinə uyğun peşəsindən, dilindən, dinindən və milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan ziyalısı bu yeni reallıqların təbliği istiqamətində işlər aparmalıdır. Bu sahədə gənc alim və mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür. Onlar bundan sonra iştirak edəcəyi beynəlxalq konfrans və elmi simpoziumlarda həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı bacarmaq üçün həm ixtisasları, tədqiqat sahələri ilə bağlı, eyni zamanda Azərbaycanın tarixi, ümumi dünyagörüşü ilə əlaqədar bilik səviyyələrini artırmalıdırlar”.

Sonra seminarda İnstitutun gənc mütəxəssisləri – Günay İsmayılova, Lamiyə Kazımova, Ulduz Cəfərova və Nuridə Məmmədova zərif üzvi kimya, neft kimyası və aşqarlar kimyasının müasir və aktual problemləri ilə apardıqları elmi tədqiqatların nəticələri ilə bağlı elmi məruzə etdilər və iştirakçıların suallarını cavablandırdılar.

PAYLAŞ