Zərif üzvi sintez laboratoriyası

Laboratoriya müdiri

kimya üzrə elmlər doktoru, professor

SABİR MƏMMƏDOV

Tərkibində   müxtəlif   qrupları  olan   sulfamidlərin yeni  törəmələrinin   sintezi  və  fizioloji  fəallığının  tədqiqi

 

Laboratoriya 2006-cı ildən fəaliyyət göstərir. Yarandığı tarixdən laboratoriyaya kimya üzrə elmlər doktoru, professor Sabir Məmmədov rəhbərlik edir.

Laboratoriyada 2017-ci  ilə  qədər böyük istehsalat əhəmiyyətinə malik neft və qaz armaturları, yerüstü texnika, aviasiya mexanizmlərinin vakuum sistemlərinin kipləşdirilməsi və yağlanmasında tətbiq olunan plastik sürtkülərin alınması sahəsində elmi-tədqiqat işləri aparılmışdır. Nəzəri və təcrübi yolla sürtkülərin xüsusi şəraitdə alınmasının işlənilməsi, onların quruluşu və tərkibi ilə funksional xassələri arasındakı qanunauyğunluqların müəyyən edilməsi, mövcud xammallardan istifadə etməklə yerüstü texnika üçün yüksək keyfiyyətli Solidol və Litol tipli plastik sürtkülərin alınması, onların texnoloji reqlamentinin hazırlanması və yeni baza komponentləri, metal tozları, alkid boyalar və s. istifadə etməklə yüksək keyfiyyətə və triboloji xassələrə malik sürtkülərin alınması kimi elmi məsələlər həll edilmişdir.

İlk dəfə olaraq tərkibində nanoölçülü metal atomu və onların oksidləri olan plastik sürtkülərin alınması üzərində geniş tədqiqatlar aparılıb. Rentgen quruluşunun təyini göstərmisdir ki, bu sürtkünün maye kristallik qəfəsi xaricində nanohissəciklər, daxilində isə lipofil üzvi birləşmələr və mineral yağ yerləşir. Buna görə də alınmış sürtkülərin damcıdüşmə temperaturu müasir sürtkülərdən çox-çox yüksək – 198-2200C intervalında olur. Bu sürtkülər yüksək termiki stabilliyə malik olub, 230-270oC-də işləmə qabiliyyətinə malikdir.

Hələ  2006-cı  ildən  başlayaraq aparılan  üzvi-sintez  üzrə  elmi  tədqiqat  işlərinin  nəzəri  və  praktiki əhəmiyyətini  nəzərə  alaraq  2018-ci  ildən  laboratoriyanın  adı  dəyişdirilərək  “Zərif  üzvi  sintez”   laboratoriyası adlandırılmışdır.

Bu  sahədə  elmi fəaliyyətinin əsas istiqaməti funksional əvəzolunmuş alkil-aril sulfamidlərin müxtəlif üsullarla sintezi və onların yağlara aşqar kimi tədqiqi olmuşdur.  N-Halogensulfamidlərin doymamış karbohidrogenlərlə, polimerlərlə reaksiyası öyrənilmiş və bunun sulfamidlərin yeni alınma üsulu olduğu göstərilmişdir. Alınmış maddələr içərisində yüksək keyfiyyətli çoxfunksiyalı aşqarların olduğu müəyyən edilmiş və tətbiqə təklif edilmişdir. N-halogensulfamidlərin  doymamış karbohidrogenlərlə spirtlər və fenolların iştirakı ilə reaksiyası vasitəsilə β-xlorefirlər yeni üsulla alınmışdır.

Alkilarilsulfoxloridlərlə poliaminlər arasındakı reaksiyanın sistematik tədqiqi mono- və disulfamidlərin yeni alınma şəraitinin tapılmasına imkan vermişdir və bu tədqiqatlar mono- və disulfamidlərin yeni törəmələrinin sintezinə kömək etmişdir. Alınmış sulfamidlərin  N-alkil və dördlü ammonium duzlarının anti-bakterıal və metalların korroziyasına qarşı çox yüksək effektə malik olduğu nəzərə alınaraq disulfamidlərin yeni alınma üsulları işlənib hazırlanmışdır. Bu üsullar N-alkilsulfamidlərin N-alkilləşmə və yodla oksidləşmə reaksiyalarına əsaslanmışdır.

Bunlardan   başqa   ilk dəfə olaraq funksional əvəz olunmuş sulfamidlərin və poliaminsulfamidlərin heterotsiklləşmə reaksiyasının yeni üsulları işlənıb hazırlanmış və müxtəlif tərkibli heterosulfamidlər alınmışdır. Sintez edilmiş N-əvəzolunmuş sulfamidlər və onların heterotsiklik törəmələrinin sürtkü yağlarına, sürtkülərə və xüsusi mayelərə aşqar kimi xassələri öyrənilmişdir. Müəyyən edilmişdir ki, bu maddələr bioloji-aktiv maddələr olub həm bakterisid kimi (stafilokok, bağırsaq göbələkləri, penisillium mikroblarına qarşı), həm də antimikrob aşqarlar kimi istifadə oluna bilər.

Digər istiqamət üzrə  doymamış karbohidrogenlər və polimer birləşmələr əsasında  fosfor üzvi  maddələrin  alınması     üsulu işlənib hazılanmışdır. Bu yolla alınan bir sıra  fosfor üzvi birləşmələrin quruluşu ilə onların sürtkü yağlarına aşqar kimi təsiri arasındakı qanunauyğunluq öyrənilmiş, bu maddələrin yeni yüksək effektli çoxfunksiyalı aşqarlar olduğu  müəyyən edilmişdir.

Son  zamanlar  sulfamidlərin  N-aminometilləşməsi  öyrənilmiş,  onlardan  bir  və  bir  neçə  heteroatom  olan  heterotsiklik  birləşmələr  sintez  olunmuş  və  onların  tərkibi  və  quruluşu  ilə  fizioloji  aktivliyi  arasındakı   qanunauyğunluq  öyrənilir.