AMEA Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının yeni İdarə Heyəti seçilib

1262

Bu gün AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası İdarə Heyətinin iclası keçirildi. Ərazi bütövlüyümüzün təmin olunması və torpaqların işğaldan azad olunması uğrunda şəhid olan, eyni zamanda Ermənistan Silahlı Qüvvələrinin dinc sakinləri raket atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərin ruhunun bir dəqiq sükutla yad edilməsi ilə tədbiri açıq elan edən İnstitutun elmi işlər üzrə direktor müavini və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayev bildirdi ki, ölkəmizdə son bir ayda olduqca şərəfli və tarixi hadisələr baş verir. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın Müzəffər Ordusu Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq uğurlu əks hücum əməliyyatı keçirərək uzun illər işğal altında olan torpaqlarımızı azad edir və tarix yazırlar. O, müharibənin təkcə ön cəbhədə deyil, arxa cəbhədə sıravi vətəndaşlardan ziyalılara qədər hər kəs tərəfindən informasiya məkanında da aparılmasının zəruriliyini bildirdi.

Ə.Sucayev döyüş meydanında məğlub olan Ermənistanın azğınlaşaraq bütün ölkə ərazisində təxribatlar törətmək riskinin çox olduğunu, ona görə aidiyyəti dövlət qurumlarının xəbərdarlıqlarını diqqətə almaq, verilən tövsiyələrə əməl etməli olduğumuzu vurğuladı.

İnstitutun gənc elmi işçisi Könül Qəhrəmanova “İnformasiya müharibəsində erməni təxribatları” mövzusunda məruzə etdi, sosial şəbəkələrdə erməni yalanlarına qarşı mübarizə vasitələri haqqında geniş məlumat verdi.

Gündəlikdə duran ikinci məsələ haqqında məlumat verən Ə.Sucayev ilk öncə rəhbərlik etdiyi Şuranın təsis olunduğu vaxtdan indiyə qədər görülən işlər, həyata keçirilən tədbirlər haqqında geniş hesabat verdi. O, sonra əsasnaməyə görə İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının hazırki tərkibinin səlahiyyət müddətinin başa çatdığını və yeni İdarə Heyətinin seçkisinin keçiriləcəyini bildirdi.

Tədbirin sonunda açıq səsvermə yolu ilə 10 nəfərdən ibarət AKİ Gənc Alim və Mütəxəssislər Şurasının yeni İdarə Heyəti seçildi. İdarə Heyəti üzvlərinin yekdil rəyi ilə İnstitutun elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Səbiyə Osmanova Şuranın sədri, elmi işçilər Könül Qəhrəmanova və Günay İsmayılova sədr müavinləri, Xədicə Məmmədyarova isə katibi seçildi.

PAYLAŞ