Pambıqçılığın idxaldan asılılığının azaldılması ilə bağlı innovativ tədbirlər görülür

1143

Noyabrın 25-də akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) AMEA Yüksək Texnologiyalar Parkı və onun rezidenti olan Təcrübə-Sənaye Zavodunun (TSZ) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə institutun direktoru, akademik Vaqif Fərzəliyev, elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Əfsun Sucayev, texnoparkın direktor müavini Zahir Nəsibov və TSZ-nin istehsal üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov iştirak ediblər.

Öncə institutun direktoru, akademik Vaqif Fərzəliyev çıxış edərək Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə hər kəsi təbrik edib. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında yumruq kimi birləşən Azərbaycan xalqı, heç bir təzyiqə əhəmiyyət vermədən qısa müddətdə tarixi ədaləti bərpa etmiş, ərazi bütövlüyümüzü təmin etmişdir: “30 ilə yaxındır ki, işğal altında olan əbədi və əzəli torpaqlarımızın cəmi 44 günə geri qaytarılması dünya tarixində nadir rast gəlinəcək hadisələrdən biridir. Bu yolda canından keçən igid oğullarımızın, şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaralılara şəfa diləyirəm”.

Artıq II Qarabağ müharibəsindəki qələbədən sonra ölkəmiz üçün yeni bir dövrün başlandığını deyən akademik V.Fərzəliyev azərbaycanlıların bütün dünya ictimaiyyətinə mübariz və qətiyyətli bir xalq kimi təqdim olunduğunu vurğulayıb.

“Son dövrlərin təcrübəsi də göstərir ki, davamlı inkişafın təməl pirinsiplərindən biri də innovasiyanı daha sürətlə mənimsəyərək öz fəaliyyətində tətbiq etməkdir”, – deyən direktor bu istiqamətdə yeni nəslin, gənc tədqiqatçıların üzərinə böyük məsuliyyətin düşdüyünü söyləyib, onları mövcud potensial və imkanlardan faydalanmağa çağırıb.

Daha sonra TSZ-nin direktor müavini Səxavət Rüstəmov çıxış edərək təmsil etdiyi müəssisənin institutla sıx əməkdaşlıq etdiyini deyib, müzakirə olunacaq məsələlərin bu əlaqələrin inkişafına təkan verəcəyinə inamını ifadə edib.

O, yeni yaradılmış, azərbaycanlı mütəxəssislərin müəllifi olduğu və əsasən yerli xammala əsaslanan “Floran EP-00” məhsulu haqqında məlumat verib. Bu məhsulun pambıqyığan kombaynların şpindel hissəsinin yağlanmasında istifadə olunduğunu diqqətə çatdırıb.

S.Rüstəmov bildirib ki, “Floran EP-00” ölkəmizdə əsas pambıqçılıq şirkətləri olan “Azərpambıq ASK” MMC, həmçinin əvvəlki illərdə “Aqrolizinq” ASC-də uğurla tətbiq edilib. Bu sürtkü yağı ABŞ istehsalı olan müasir “John Deere” kombaynlarında istifadə olunub. Bütün istifadəçilərin razı qaldığı sözügedən məhsulun əsas üstün cəhəti analoqlarını tam şəkildə əvəz etməsi və qiymətinin dəfələrlə ucuz olmasıdır.

S.Rüstəmov, həmçinin TSZ-nin direktorunun elmi işlər üzrə müşaviri Adil Ağayevin həmin məhsulun istehsal prosesinə uyğunlaşdırılması sahəsindəki xidmətlərini xüsusi qeyd edib. O, bu istiqamətdə tətqiqatların daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Alim ənənəvi sahələrin inkişafına xüsusi diqqət ayıran ölkə Prezidenti İlham Əliyevin hər zaman pambıqçılıq sahəsində məqsədyönlü siyasət apardığını, bu sferanın inkişafı üçün hər bir azərbaycanlının öz vətəndaşlıq borcunu vicdanla yerinə yetirməli olduğunu söyləyib. S.Rüstəmov xüsusən bu kimi strateji sahələrin birbaşa və dolayısı ilə idxaldan asılılığını minimuma endirməyin son dərəcə vacib olduğunu qeyd edib.

Görüşdə texnoparkın direktor müavini Zahir Nəsibov da çıxış edərək TSZ-də istehsal olunan yüksək texnologiya məhsullarının yerli şirkətlərdə tətbiqi, eyni zamanda həmin müəssisələrlə əməkdaşlıq çərçivəsində yeni layihələrin həyata keçirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu nəzərə çatdırıb.

O, Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılması istiqamətində görülən işlər haqqında məlumat verərək elm, texnologiya və innovasiya siyasətinin iqtisadiyyatın inkişafında mühüm rola malik olduğunu deyib, yerli sahibkarlar və sifarişçilərlə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.

Tədbirin sonunda akademik V.Fərzəliyev rəhbərlik etdiyi institutla Yüksək Texnologiyalar Parkı və Təcrübə Sənaye Zavodu arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində təklif və tövsiyələrini irəli sürüb, məsul şəxslərə müvafiq tapşırıqlar verib.

PAYLAŞ