AMEA Aşqarlar Kimyası İnstitutunda “20 yanvar Ümumxalq Hüzn Günü” qeyd edilib

617

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar İttifaqı Təşkilatının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Zoom platforması üzərindən onlayn rejimdə keçirilən tədbirdə ilk olaraq 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İnstitut həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dosent Elxan İsakov bildirdi ki, 90-cı ilin “Qanlı yanvar”ında günahsız, əliyalın insanlara qarşı həyata keçirilən qətliyam insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, ölkəmizin əsrlər boyu qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Onun sözlərinə görə, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.

Təşkilat sədri qeyd edib ki, o müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar. E.İsakov həmin qanlı hadisələrdə bütün təbəqələrdən olan insanlar – şagird, tələbə, müəllim, alim və digər görkəmli ziyalılarımızın şəhid olduqlarını bildirib. O, Azərbaycan elminin parlaq nümayəndələrindən sayılan professorlar – İbrahim İbrahimov, İsmayıl Mursaqulov və Svetlana Məmmədovanın şəhid olduqlarını, digər alimlər İdris Əhmədov və Parlaq Məmmədovanın ağır yaralandıqlarını qeyd etdi: “Bəlkə də tarixi təsadüfdür ki, bizim İnstitutun aparıcı elmi işçisi olan professor İdris Əhmədov 2 il bundan öncə məhz 2019-cu ilin 20 yanvar tarixində vəfat etdi. Şübhəsiz onun vəfatında o zaman aldığı fiziki zədə və ən əsası da mənəvi sarsıntıların öz təsiri olmuşdur”.

“20 yanvar Ümumxalq Hüzn Günü” mövzusunda məruzə edən İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Səbiyə Osmanova 20 Yanvarın təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu deyib: “Ötən il 44 gün ərzində 30 il erməni işğalı altında qalan Dağlıq Qarabağ və ətraf rayonları azad etməklə bizə qələbə qazandıran Müzəfər ordumuz əsası 90-cı ilin 20 yanvarında qoyulmuş oyanışı məntiqi sonluqla başa vurdular və ilk dəfə olaraq şəhidlərimizin qisası alındı və biz bu günü alnıaçıq, üzü ağ olaraq Şəhidlər Xiyabanını ziyarət edə bildik”. O qeyd edib ki, bu gün Şəhidlər Xiyabanı Azərbaycanın hər bir vətəndaşının müqəddəs and yeri və ziyarətgahına çevrilib: “Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir. Deməli, nəsillər dəyişsə də, Vətən oğullarının xatirəsi bundan sonrada ürəyimizdə əbədi yaşayacaqdır”.

Daha sonra tədbirdə çıxış edən İnstitut əməkdaşları qanlı 20 yanvar faciəsi ilə bağlı fikirlərini bölüşdülər.

PAYLAŞ