Aşqarlar Kimyası İnstitutunun alimlərinin elmi əsərlərinə dünya alimlərinin istinadları kəskin artıb

405

ƏFSUN SUCAYEV: “İSTİNADLARIN SAYINA GÖRƏ 3 MƏQALƏ NÜFUZLU XARİCİ JURNALDA ÇAP OLUNAN ELMİ ƏSƏRLƏRİN İLK ONLUĞUNA DAXİL OLUB”

 Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) alimlərinin 2022-ci ilin ötən dövrü ərzində 16-ı Web of Science, Scopus, 4-ü РИНЦ bazasına daxil olan 20 məqalə impakt faktoru yüksək olan dünyanın nüfuzlu jurnallarında çap olunmuşdur. İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayevin sözlərinə görə, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4 dəfə yüksək göstəricidir. Belə ki, 2021-ci ilin analoji dövründə AKİ alimlərinin cəmi 5 məqaləsi impakt faktorlu xarici jurnalda çap olunmuşdur.

O qeyd edir ki, hesabat dövründə bu əsərlərə dünya alimləri tərəfindən 300-ə yaxın istinad olunmuşdur.

Müsahib bildirdi ki, təkcə “Wiley” nəşriyatına daxil olan impact faktoru 3.642 olan Journal of Biochemical and Molecular Toxicology jurnalında dərc edilən 3 məqalə dünya alimləri tərəfindən olan elmi istinadların sayına görə həmin jurnalda yayınlamış ümumi məqalələrin ilk onluğuna (müvafiq olaraq 5, 6 və 7-ci yerlər), digər 3 məqalə isə ilk yüzlüyə (müvafiq olaraq 16, 44 və 95-ci yerlər) daxil edilmişdir (https://exaly.com/author/10024905/vagif-farzaliyev/rankings).

Ə.Sucayev vurğulayıb ki, həmçinin, hesabat dövründə institut əməkdaşlarının respublikada 97, xaricdə 7 olmaqla 104 tezisi müxtəlif konfranslarda məruzə olunmuş və çap edilmişdir.

İcraçı direktor cari ildə institut əməkdaşlarının 2 kitabının dərc olunduğunu bildirib. Onun bildirdiyinə görə 2022-ci ildə Patent və Əmtəə Nişanları Mərkəzinə 11 ixtiraya dair iddia sənədi göndərilmiş, 7 ixtiraya dair iddia sənədinin dərci haqqında müsbət qərar və 1 patent alınmışdır.

PAYLAŞ