Aşqarlar Kimyası İnstitutunda yeni qəbul olunan magistrantlarla görüş keçirilib

471

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna 2022-2024-cü tədris ili üzrə qəbul olunan I kurs magistrantlarla görüş keçirilib. İlk öncə iclas iştirakçıları 12-13 sentyabr 2022-ci il tarixlərində erməni silahlı birləşmələrin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri geniş təxribatların qarşısını alarkən şəhid olan igid əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.

Sonra çıxş edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirdi ki, elmlə təhsilin inteqrasiyasının ən mühüm istiqamətlərindən biri də elmi tədqiqat müəssisələrində magistr hazırlığıdır. Onun sözlərinə görə, digər elmi institutlar kimi Aşqarlar Kimyası İnstitutunda da 2016-cı ildən magistr pilləsi üzrə kadr hazırlığı həyata keçirilir: “Magistr hazırlığını böyük elmin astanası hesab etmək olar. Çünki bu hazırlıq üzrə magistrantlar elmi tədqiqat vərdişlərinə yiyələnir, elmin sirlərini öyrənməyə başlayırlar”.

V.Fərzəliyev qeyd etdi ki, elmi tədqiqat institutlarında magistrantlar bilavasitə elmi tədqiqat laboratoriyaları ilə birbaşa təmasda olurlar, sintez üsulları, müasir fiziki-kimyəvi analiz üsullarını mənimsəyirlər: “Doktaranturada artıq onlar sərbəst təcrübə aparıb qarşılarına qoyulan elmi problemlərin həlli ilə müstəqil məşğul ola bilirlər”.
O, rəhbərlik etdiyi institutda gənclər üçün geniş imkanlar açıldığını, magistrantların davamlı bilik qazanmaları üçün hər cür şərait yaradıldığını qeyd etdi, yeni qəbul olunan magistrlərin bu imkanlardan yararlanmağını tövsiyə etdi.

İnstitutun icraçı direktoru k.e.d., dosent Əfsun Sucayev indiyə qədər Aşqarlar Kimyası İnstitutunda magistraturanı bitirən tələbələrin hamısının bu elmi tədqiqat müəssisəsində qalıb müxtəlif vəzifələrdə işlədiyini, onların bir çoxunun artıq doktorantura pilləsində elmi araşdırmalarını davam etdirdiyini bildirdi.

O, magistrantların elmi rəhbərlərinə magistrlərə dissertasiya mövzusu verilərkən olduqca aktual mövzulara müraciət olunmasını və, gələcəkdə həmin mövzuda araşdırmanın elmin sonrakı pillərərində davam etdirdilməsinin zəruriliyini vurğuladı.

Ə.Sucayev İnstitutda gənclərin, o cümlədən magistrantların elmə həvəsləndirilməsi kimi tədbirlərin daha da genişləndiriləcəyini vurğuladı.
Görüşdə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova, aparıcı elmi işçi k.ü.f.d. Nüsrət Əliyev magistrantlara öz tövsiyələrini verdilər.

PAYLAŞ