Məktəblilər “BUCA IMSEF-2022 Beynəlxalq Elm Müsabiqəsi”nin qalibi olublar: ONLAR ELMİ LAYİHƏNİ AŞQARLAR KİMYASI İNSTİTUTUNDA YERİNƏ YETİRİBLƏR

338

Türkiyənin İzmir şəhərində “BUCA IMSEF-2022 Beynəlxalq Elm Müsabiqəsi”nin qaliblərinin onlayn mükafatlandırılması tədbiri keçirilib. Bu beynəlxalq elmi layihə müsabiqəsində final mərhələsinə vəsiqə qazanan Mingəçevir şəhəri Təbiət -Riyaziyyat Humanitar elmlər təmayüllü liseyin X sinif şagirdi Həsənli Rəsul Zaur oğlu və Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin X sinif şagirdi Musayev Taleh Valeh oğlunun biologiya fənni üzrə hazırladıqları innovativ layihə bürünc medala layiq görülüb.

Dünyanın 19 ölkəsinin 912 layihə ilə qatıldığı müsabiqədən 108 təqdimat qalib olmuşdur ki, onlardan biri də respublikamızdan yeganə qalib gələn layihədir.

Müsabiqə 31.10-11.11.2022 ci il tarixlərində Türkiyənin İzmir şəhərində keçirilmişdir.

Qeyd edək ki, məktəblilər müsabiqəyə təqdim etdikləri elmi layihəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında kimya elmləri doktoru Əfsun Sucayevin rəhbərliyi altında yerinə yetiriblər.

Məlumat üçün bildirək ki, artıq üçüncü dəfə təşkil olunan “BUCA IMSEF” beynəlxalq müsabiqənin əsas məqsədi orta məktəb şagirdlərini elmi və texnoloji tədqiqatlara həvəsləndirmək, dünyanın hər yerindən eyni yaş qrupundan olan gəncləri bir araya gətirmək, elmi və mədəni mübadilə etmək, onların bu sahədə inkişafına dəstək olmaqdır.

PAYLAŞ