Tatarıstanın “Tatneft” şirkətinin nümayəndə heyətinin bu yaxınlarda ölkəmizə səfəri çərçivəsində əldə olunmuş razılaşmalara uyğun olaraq, 11 iyul 2023-cü il tarixində videokonfrans keçirilib. “TANECO” ASC və “VNİİUS” SC-nin mütəxəssislərinin də qatıldığı tədbirin təşkil olunmasının əsas məqsədi bu şirkətin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu ilə sürtkü yağları üçün aşqarların istehsalının təşkili sahəsində mümkün əməkdaşlıq məsələlərinin müzakirəsi idi.
Görüşdə çıxış edən “Tatneft”in neft və qaz emali sahəsinin rəhbəri, “TANECO” ASC-nin baş direktoru İlşat Salaxov öncə bildirib ki, neft və qazın emalı, neft-kimya məhsulların istehsalı üzrə ixtisaslaşmış, eləcə də neft, qaz və neft-kimya layihələri üçün mühəndislik, təchizat və tikinti xidmətləri göstərən “Tatneft” Tatarıstan Respublikasının Almetyevsk şəhərində yerləşməklə Rusiya Federasiyasının ən böyük 5 neft şirkətindən biridir. O, həmçinin Azərbaycanın tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş Ittifaqda aşqarların işlənib hazırlanması və istehsalının da məhz ilk dəfə olaraq respublikamızda Aşqarlar Kimyası İnstitutu tərəfindən həyata keçirilməyindən məlumatlı olduğunu diqqətə çatdırıb.
İ.Salaxov Aşqarlar Kimyası İnstitutunun keçmiş SSRİ və MDB məkanında aşqarlar kimyası sahəsində fəaliyyətini elmi əsaslar üzrə davam etdirən yeganə elmi mərkəz olduğunu bildikləri üçün təmsil etdiyi şirkətin sürtkü materialları üçün aşqarların alınması, istehsalının təşkili ilə bağlı elmi-innovativ əməkdaşlıq etməyə böyük maraq göstərdiyini qeyd edib və qarşılıqlı əməkdaşlığın mümkün olacağına əminliyini ifadə edib.
Videokonfransda çıxış edən Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev öncə bildirib ki, Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, yanacaqlar və sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş SSRİ-də aşqarların işlənib hazırlanması və istehsalı da ilk dəfə məhz Bakıda həyata keçirilib.
Akademikin sözlərinə görə, keçmiş SSRİ-də istehsal olunan bütün aşqarlar və sürtkü yağlarını, o cümlədən xüsusi təyinatlı yağlarının 20%-ni Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılan aşqarlar və sürtkü yağları təşkil edib.
Akademik vurğulayıb ki, keçmiş İttifaq dağılandan sonra dövlətimizin elmə verdiyi xüsusi diqqət və qayğısı nəticəsində Aşqarlar Kimyası İnstitutu bu gün də öz keçmiş nüfuzunu qoruyub saxlayır: “Təsəvvür edin, Aşqarlar Kimyası İnstitutu Sovetlər Birliyinin Aşqarlar kimyası sahəsində üç elmi mərkəzindən biri olmuşdur. İttifaq respublikaları müstəqil olandan sonra təəssüf ki, SSRİ-nin digər 2 elmi mərkəzi ləğv olunmuşdur. Amma sevindirici haldır ki, onlardan fərqli olaraq Aşqarlar Kimyası İnstitutu öz varlığını qoruyub saxlaya bilib və bu gün fəaliyyətini elmi əsaslarla davam etdirən yeganə ixtisaslaşmış elmi müəssisədir”.
V.Fərzəliyev qeyd edib ki, “Tatneft” kimi böyük neft-qaz email şirkətinin Aşqarlar Kimyası İnstitutu ilə əməkdaşlığa önəm verməsinin bu elmi mərkəzin həm keçmişi, həm də indiki böyük elmi potensialına inam və etibarın məntiqi nəticəsidir.
Görüşdə tərəflər arasında prioritet istiqamətlər üzrə əməkdaşlığın konkret yolları, mövcud problemlər və onların birgə həlli yolları haqqında fikir mübadiləsi aparılıb və yaxın gələcəkdə birgə əmkdaşlıq üçün yol xəritəsinin hazırlanmasının vacibliyi qərara alınıb.