Əldəqayırma şirkətlərin sənaye terroru – AMEA-dan yağlarla bağlı HƏYƏCAN TƏBİLİ

2367

                                                                                                                                                                                                   Çalxalandıqca, bulandıqca zaman nehrə                                                                       kimi,  yaği yağ üstə çıxır, ayranı ayranlıq olur!                                                                                                                                                                                                                                                              M.Ə.SABİR

Sənaye və mühərrik yağlarının keyfiyyətinin yüksək olması Azərbaycan iqtisadiyyatı üçün çox mühüm əhəmiyət daşıyan amillərdən biridir. Keyfiyyətli yağlar mühərriklərdə və müxtəlif texnikaların işlək hissələrində sürtünmə qüvvəsinin azaltdığı üçün faydalı iş əmsalı artır və bu zaman enerji itkisi azalır və sərf edilən enerjiyə qənaət edilir.  Keyfiyyətli yağlardan istifadənin enerji sərfiyyatı baxımından çox böyük iqtisadi səmərəsi vardır. Digər tərəfdən keyfiyyətli yağlardan istifadə ətraf mühitin qorunmasına da öz müsbət təsirini göstərir. Mühərriklər və digər işlək qurğular tərəfindən ətraf mühitə atılan zərərli qazların miqdarı azalır. Bu fikirləri respublika ərazisində işlək vəziyyətdə olan milyonlarla texnikaya aid etsək keyfiyyətsiz yağlardan istifadənin ətraf mühitə və iqtisadiyyatımıza hansı miqyasda ziyan vurduğunu aşkar etmiş olarıq.

Azərbaycan Milli Elmlər Akademiyası öz fəaliyyəti dövründə həmişə bu vacib məsələni diqqət mərkəzində saxlamışdır. Bu gün  AMEA-da sənaye və mühərrik yağları sahəsində tədqiqatlarla, yüksək keyfiyyətli yağların əldə edilməsi istiqamətində çox böyük elmi-tədqiqat tarixinə malik 4 institut, o cümlədən  Neft Kimya Prossesləri İnstitutu, Aşqarlar Kimyası İnstitutu, Qeyri-üzvi Kimya İnstitutu, Polimer Materialları İnstitutu fəaliyyət göstərir. Bu institutlarin elmi potensialı ən əsas bu sahədə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin nəticəsi olaraq keyfiyyətli yağların əldə edilməsinə istiqamətlənmişdir. Qeyd etmək lazımdır ki, hələ Sovetlər İttifaqı dönəmində Azərbaycan elmi neft-kimya maşınqayırması, neft-kimya sənayəsinin digər sahələri ilə yanaşı bu sahədə də uzun müddət flaqman rolunu oynamışdır.

2013-2018-ci illərdə AMEA-da bu istiqamətdə yerinə yetirilən innovativ layihələr çərçivəsində elmtutumlu istehsalın gücləndirilməsi, sənayedə elmin rolunun artırılması və bir sıra strateji əhəmiyyətli məhsulların respublikaya idxalının qarşısını alaraq onların elmi əsaslarla yerli istehsalı təşkil edilmişdir.

Bu istiqamətdə atılmış ən önəmli addım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 8 noyabr 2016-cı il tarixli Sərəncamı olmuşdur.  Sərəncama əsasən, AMEA Təcrübə Sənaye Zavodunun bazasında Yüksək Texnologiyalar Parkının yaradılması elm ictimaiyyəti üçün çox vacib bir hadisə olmaqla yanaşı, müasir elm və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə olan dövlət dəstəyi kimi qiymətləndirilir.

Beləliklə də “AMEA Təcrübə Sənaye Zavodu” MMC 2017-ci ildə Yüksək Texnologiyalar Parkının rezidenti statusu almış ilk müəssisə olmuşdur.

Son vaxtlar ümumdünya iqtisadi böhranı ilə əlaqədar ölkə Prezidentinin yerli istehsalın gücləndirilməsi barədə verdiyi tövsiyyə və göstərişlərinə əsasən, AMEA rəhbərliyi xaricdən gətirilən strateji əhəmiyyətli bir sıra məhsulların istehsalını təşkil etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Qısa müddət ərzində alimlərinin iştirakı ilə “AMEA Təcrübə Sənaye Zavodu” MMC-də onlarla yeni adda sürtkü materiallarının yerli xammal əsasında xarici analoqlarını bir çox əsas göstəricilərinə görə üstələyən yeni nəsil sürtkü materiallarının istehsalına başlanılmışdır. “AMEA Təcrübə Sənaye Zavodu” MMC “Ekstremal aşağı temperatur şəraitində işləyən sürtkü materiallarının alınması üsuluna aid və “Yüksək sürətli lokomotivlərin dartı reduktorlarında işlədilən yarımmaye sürtkü materialının alınması üsulu”na aid Patentlər almışdır. Zavodda 2013-2018-ci illər ərzində bir sıra yeni məhsulların istehsal texnologiyaları mənimsənilmiş, normativ-texniki sənədləri işlənib hazırlanmış və həmin məhsulların kütləvi istehsalına başlanılmışdır. “AMEA Təcrübə Sənaye Zavodu” MMC-də keçirilmiş audit yoxlamalarının nəticələrinə görə  İSO 9001:2015, İSO14001:2015 və OHSAS 18001:2007 beynəlxalq standartları üzrə sertifikatlara layiq görülmüşdür.

Paralel olaraq əsas fəaliyyəti müxtəlif texnikalar üçün yeni nəsil yüksək texnoloji yağlar istehsal etməkdən ibarət olan “Millers Oils Azerbaijan” MMC şirkəti 2017-ci ildə “Millers Oils” Ltd (Böyük Britaniya) və Azərbaycan Milli Elmlər Akademiyasının “Elm və Texnologiya Parkı” MMC şirkətlərinin təsisi etdiyi birgə müəssisəsi kimi fəaliyyətə başlamışdır. Hal-hazırda “Millers Oils Azerbaijan” MMC şirkətinin “Tədqiqat və inkişaf mərkəzi”ndə ən son texnologiyalardan istifadə edərək layihələşdirilmiş bir sıra dünya standartlarına uyğun keyfiyyətli məhsullar istehsal edilir. “Millers Oils” Ltd şirkəti 1887-ci ildə Böyük Britaniyada Qərbi Yorkşirdə təsis edilərək, yerli toxuculuq sənayesini yüksək keyfiyyətli sürtkü yağları ilə təchizetməyə başlamışdır. Bu gün “Millers Oils” Ltd şirkəti çoxsaylı mükafatlara layiq görülmüş yüksək keyfiyyətli brend sürtkü yağlarını və yanacaq təmizləmə məhlullarını dünyanın 50-dən artıq ölkəsinə satır.

2017-ci ilin noyabr ayından fəaliyyət göstərməyə başlayan AMEA Yüksək Texnologiyalar Parkının rezidenti “Millers Oils Azerbaijan” MMC şirkəti yüksək keyfiyyətli transmissiya, sənaye və mühərrik yağlarının istehsalına başlamışdır. Şirkət Britaniya həmkarlarının təcrübəsinə əsaslanaraq istər sənaye istərsə də işlənmiş yağların keyfiyyətinə nəzarət edən ASTM, APİ, İSO standartları üzrə nəzarət proqramını işə salmışdır. Lakin şirkət rəhbərliyi təəssüf hissi ilə qeyd edir ki, ölkəmizdə istehsal edilən bir çox yağların keyfiyyəti yoxlanılmır və dünya standartlarının tələblərinə bir çox hallarda cavab vermir. Bu gün “Millers Oils Azerbaijan” MMC-nin təqdim etdiyi yağlar xüsusi avtomatlaşdırılmış texnologiya ilə əldə edilir və öz xarici analoqlarını keyfiyyət baxımından üstələyir. AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Millers Oils Azərbaycan” MMC şirkətinin bu gün istehsal etdiyi yağlar dünya avtomobil nəhəngləri olan Mercedes Benz, BMW, Porsche, Land Rover şirkətləri tərəfindən tanınır və istifadə edilir.

Bu gün “Millers Oils Azerbaijan” MMC müasir sərnişin avtomobilləri geniş çeşiddə mühərrik yağlarını artıq alıcılara təqdim edir. “Millers Oils Azerbaijan” MMC-nin təklif etdiyi məhsullar uzun müddətli iş və yanacağa yüksək qənaət üçün nəzərdə tutulmuşdur ki, bu da texniki xidmət xərclərini və sınma riskini azaldır. Bu yağın yüksək keyfiyyəti yanacağa maksimum qənaət edildiyini eyni zamanda, mühərrikin yeyilməsinin minimuma enməsini təmin edir. Hətta ən sərt istismar şəraitlərində bele yağın özlüyü saxlanılır, beləliklə də, mühərrikin maksimum qorunmasını təmin edilir.

Digər tərəfdən qeyd etmək lazımdır ki, bu gün Respublikanın sənaye və mühərrik yağlarına olan ehtiyacı təxminən 70.000 tona bərabərdir. Bu məhsulun təxminən 90% idxal olunur. Respublikaya idxal olunan müxtəlif mühərrik yağları və sürtkü materialları haqda apardığımız monitorinqlərin nəticələri göstərmişdir ki, AMEA Yüksək Texnologiyalar Parkının rezidentləri öz potensialından istifadə etməklə həmin məhsulların 60-70%-nin istehsalını təşkil edə və bu sahədə idxaldan asılılığı minimum həddə çatdıra bilər.

Bunlara baxmayaraq, AMEA müəssisələrin iştirak etdiyi açıq tender müsabiqələrinin əksəriyyətində qalib gəldiyi halda, bəzən sonradan bizə məlum olmayan səbəblər üzündən müqavilə başqa təşkilatlarla bağlanılır. Qazandığımız tender müqavilələrinin sifarişlərini vaxtında yerinə yetirsək də, çox zaman təşkilatlar müxtəlif bəhanələrlə vəsaitin ödənməsini uzun müddət gecikdirirlər.

Lakin son bir ildə vəziyyət kəskin sürətdə dəyişmişdir. Bu bir il ərzində respublikamizda sənaye və mühərrik yağları istehsal edən bir neçə müəssisə açılmış və qısa müddət ərzində onlarla çeşiddə strateji əhəmiyyətli məhsulun istehsalını təşkil edərək satışa çıxarmışlar. Bu ölkəmizdə iqtisadiyyatın inkişafı üçün ilk baxışdan yaxşı göstərici sayılır. Lakin bu məhsulların keyfiyyətinə nəzarət normativ-texniki sənədlər və resepturlar əsasında geniş laboratoriya-stend sınaqları aparıldıqdan sonra və yalnız alınan müsbət rəyə uyğun kütləvi istehsala icazə verilməlidir . Bu ciddi prosedurların məqsədi ilk növbədə istehlakçıları gələcəkdə gözlənilən riskərdən qorumaq, onlarda məhsulun keyfiyyəti haqqında əminlik yaratmaqdır.

Hazırda bu prosedurların həyata keçirilməsi icbari xarakter daşımadığı üçün yeni yaranmış irili – xırdalı yerli müəssisələrin təklif etdikləri yağların keyfiyyəti alıcılarda haqlı olaraq bir sıra şübhələr və narazılıqlar yaradır. Respublikamızda yağların istehsalı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsulların keyfiyyətinə obyektiv nəzarəti təmin etmək məqsədilə müvafiq texniki komitənin və ya elmi-ekspertiza şurasının yaradılmasına ciddi ehtiyac vardır.

Çox təəssüflər  olsun ki, son zamanlar bəzi əldəqayırma şirkətlər nəzəratin zəyifliyindən istifadə edərək keyfiyyətsiz (hətta bəzi hallarda su və digər müxtəlif yad cismlər qarışmış) yağları ASTM, APİ, İSO beynəlxalq keyfiyyət markaları olmadan yayaraq kütləvi sənaye terroru ilə məşğuldurlar. Belə saxta yağlar işlək texnikaya və dolayısı ilə iqtisadiyyata külli miqdarda ziyan vurmaqla yanaşı ətraf mühit və insan sağlamlığı üçün də ciddi fəsadlar törədir. Qeyd etmək istərdik ki, belə bir mühim məsələ alimlərin və mütəxəssislərin nəzarəti altında olmalıdır. İctimayyət üçün bir faktıda açıqlamaq istərdik ki, ölkəmizdə sənayə və mühərrik yağlarının keyfiyyətinə nəzarət etmək hüququna malik akkreditasiya edilmiş nadir laboratoriyalardan biri də AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “AMEA Təcrübə-Sənayə Zavodu” MMC-yə məxsusdur.

Ölkəmizdə artıq ciddi problemə çevrilmiş saxta  və keyfiyyətsiz sənayə və mühərrik yağlarının istehsalının qarşısının alınması günümüzün çağırışına çevrilmişdir. Bu istiqamətdə vəziyyətin dözümsüz olduğunu nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyası öz həyacan təbilini artıq çalmaqdadır.

Vüqar Babayev, 

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, 

aqrar elmlər üzrə fəlsəfə doktoru

 

PAYLAŞ