Elm onlar arasında əzəli tarazlığı pozmamalıdır
Ölkəmizdə son zamanlar insan kapitalının inkişafı, elmi tədqiqatların kommersiyalaşdırılması və bilik transferinin dəstəklənməsi istiqamətində mühüm addımlar atılır. Burada əsas məqsədlərdən biri hərtərəfli hazırlığa malik yüksək ixtisaslı kadrlara olan tələbatın ödənilməsidirsə, digəri Azərbaycan alimlərinin apardıqları yüksək səviyyəli fundamental tədqiqatların nəticələrini tətbiq etməklə yerli istehsalı inkişaf etdirmək, ən azı, strateji məhsulların idxal asılılığını minimumlaşdırmaqdır. Bu sahədə dəqiq və təbiət elmlər sahəsində ixtisaslaşmış elmi tədqiqat institutları vardır ki, orada çalışan alimlərimizin əldə etdiyi mühüm nəticələr istehsalata uğurla tətbiq olunur. Elə 2024-cü il üzrə texnika sahəsində Dövlət Mükafatına layiq görülən kompleks elmi-texniki iş məhz Azərbaycan alimlərinin əldə etdiyi mühüm elmi-texniki nailiyyətlərin istehsalata tətbiqini özündə ehtiva edir. Həmin kompleks elmi işin rəhbəri, Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyevlə müsahibədə bu və digər suallara cavab tapmağa çalışdıq.
Qısa arayış:
Məlumat üçün bildirək ki, akademik Vaqif Fərzəliyevin elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, yanacaq və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların və onların əsasında yüksək keyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. O, yeni aşqarların sintezi, onların funksional təsir mexanizminin və həmçinin tərkib və quruluşlarının effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik fundamental tədqiqatlar aparır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış bir sıra aşqarlar və sürtkü yağları, o cümlədən xüsusi təyinatlı yağlar sənayedə tətbiq edilmişdir.
Akademik Vaqif Fərzəliyevin bu istiqamətdə apardığı çoxşaxəli elmi tədqiqat işlərinin nəticələri 1000-ə yaxın elmi əsərdə, o cümlədən 150-dan çox SSRİ müəlliflik şəhadətnaməsi və Azərbaycan patentində, 5 monoqrafiyada öz əksini tapmışdır. “Google Scholar Citations” və “ResearchGate” qlobal informasiya şəbəkələrinin məlumatlarına görə, onun tədqiqat sahəsi üzrə 250 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş və onlara dünya alimləri tərəfindən 2500-ə yaxın istinad edilmişdir. H-indeks 31-ə bərabərdir. Onun rəhbərliyi ilə 6 elmlər doktoru və 24 fəlsəfə doktoru yetişmişdir.
– Vaqif müəllim, Dövlət Mükafatına layiq görülən kompleks elmi-texniki iş son illər ərzində ölkəmizdə ən uğurlu tətbiqi elmi ixtira adlandırılır. Sizin buna münasibətinizi bilmək istəyərdik.
– Bizim əməyimizi yüksək dəyərləndirənlərin hər birinə dərin təşəkkürümüzü bildirirəm. Eyni zamanda, təvazökarlıqdan uzaq olsa da, etiraf edim ki, həqiqətən Aşqarlar Kimyası İnstitutunun ən uğurlu tətbiqi elmi-texniki işlərindən biri təbii ki, hərbi məqsədli texnika üçün motor yağının yeni analoqunun yaradılması ilə bağlıdır. Bu xüsusi təyinatlı yağlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamında olan bütün markalı tankların mühərriklərində praktiki sınaqlardan uğurla keçmiş və sınaq komissiyası bu yağın tank mühərriklərində istifadəsini məqsədəuyğun hesab etmişdir.
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan tarixən neft hasilatı, onun sənaye miqyasında emalı, sürtkü yağları istehsalının vətəni olduğu üçün keçmiş Ittifaqda aşqarların işlənib hazırlanması və istehsalı da ilk dəfə olaraq respublikamızda həyata keçirilmişdir. Məhz institutun əsasını qoyan akademik Əli Quliyev və digər istedadlı alimlərimiz SSRİ Dövlət mükafatına, 1970-ci ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdürlər.
Aşqarlar Kimyası İnstitutunun bu dəfə mühüm elmi-texniki nailiyyətinin dövlətin ən ali mükafatı ilə təltif olunması Azərbaycanda vaxtı ilə yaradılan elmi ənənənin davam etdirilməsinin məntiqi nəticəsidir. Bu, həm də dövlət başçımızın Azərbaycan elminə və elm adamlarına verdiyi ən böyük dəyərin əyani nümunəsidir.
– İnstitutun başqa hansı elmi nəticələrinin istehsalata uğurla tətbiq olunduğunu və ya tətbiqə tövsiyə ediliyini qeyd edə bilərsiniz?
– Digər mühüm tətbiqi işimiz Qazaxıstan və Türkmənistanın yüksək parafinli neftlərinin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların Bakı–Tbilisi-Ceyhan neft kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – “Depresator AKİ” yaradılması və tətbiqi ilə bağlıdır. Hazırda o “Aşqar” Elmi İstehsalat Birliyində min tonlarla istehsal olunur.
Eyni zamanda, respublikada müxtəlif növ daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası yaradılmış və bu texnologiya üzrə regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılmışdır. İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə Azərbaycan Respublikasının “məxfi” qriflə patentləri ilə müdafiə olunmuşdur. Konkret olaraq modul elektrik stansiyalarında istifadə olunmuş ekoloji gərginlik yaradan “Musella-40” motor yağının regenerasiya texnologiyası yaradılmış və bu texnologiyanın tətbiqi üzrə müəyyən işlər aparılır.
Azərbaycan Dövlət Neft Şirkətinin Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində istifadə edilən və xaricdən gətirilən M-14ГБ motor yağının yeni analoqu institut tərəfindən yaradılmış və onun da istehsalı təşkil edilmişdir.
Yağlayıcı-soyuducu mayeləri və neft məhsullarını bioloji zədələnmədən qoruyan Azin-1, Azin-2, Azin-3 və Azin-4 antimikrob aşqarların sənaye istehsalı təşkil edilmişdir.
Neft-mədən avadanlıqlarını korroziyadan və mühərrikin soyuducu sistemlərini kavitasiya nəticəsində dağılmadan qorumaq üçün korroziya inhibitorları yaradılmış, istehsal texnologiyası işlənilmiş və təcrübi-sənaye istehsalı təşkil edilmişdir.
– Bütün bu yüksək elmi nəticələrinizi konkret olaraq elmlə istehsalatın vəhdətinin yaradılmasına xidmət edən addımlar kimi də dəyərləndirmək olarmı?
– Bilirsiniz ki, hər bir dövlətin iqtisadiyyatı üç nəhəng dayaq üzərində qurulur – elm, təhsil və istehsalat prosesi. İqtisadiyyatın inkişaf sürəti bu dayaqların vəhdətindən – inteqrasiya dərəcəsindən asılıdır.
Keçmiş SSRİ dövründə istehsalat müəssisələrinin hamısı dövlətə məxsus olduğundan və əsasən, xaricdən texnologiyalar gətirilmədiyi üçün elm-istehsalat əlaqələri həddindən artıq möhkəm idi.
SSRİ dağıldıqdan sonra Azərbaycan keçmiş sovet respublikaları kimi sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçdi və istehsal müəssisələrinin, demək olar ki, əsas hissəsi özəl sektora verildi və bununla əlaqədar elm-istehsalat əlaqələri dəyişdi. Özəl müəssisələrin əsas hissəsi asan yolla gedərək xaricdən hazır texnologiyaları gətirib tətbiq etdi və ölkə elminə investisiya yatırımı demək olar ki, yox dərəcəsinə endi.
İnkişaf etmiş ölkələrdə elm-istehsalat vəhdəti həddindən artıq möhkəmdir və özəl müəssisələrin çoxu elmi mərkəzlərə investisiya yatırımını nəinki tətbiqi işlərə, hətta fundamental tədqiqatlara da edirlər, çünki hər bir yeni texnologiya fundemental tədqiqatların nəticəsində əldə olunur.
Azərbaycan reallığında qeyd olunanlara çox az hallarda rast gəlmək olur. Lakin şükür ki, bu istiqamətdə fəaliyyət göstərən şirkətlər də var. AKİ olaraq bu il qeyd olunan istiqamətdə sıx fəaliyyət göstərən iki özəl şirkəti böyük məmuniyyətlə qeyd etmək istəyirik. Onlardan biri kimi “Elroys” MMC ilə birgə fəaliyyətimizin mühüm nəticəsi yuxarıda adını çəkdiyim “Depressator AKİ” aşqarının yaradılması və tətbiqi ilə bağlıdır.
Başqa bir şirkət “İselTexno” MMC-nin isə AKİ ilə elmlə istehsalatın vəhdətinin inkişafı istiqamətini əhatə edən ekoloji problemlərin həllinə yönələn ən son uğurlu elmi iş Balaxanı ərazisində min tonlarla yığılmış və ekoloji problem yaradan “turş qudron”un emal prosesinin yaradılması və emal məhsulunun istifadəsindən ibarətdir.
– Vaqif müəllim, bu ilin 11–24 noyabr tarixlərində Bakıda mötəbər COP29 təşkil olunacaq. Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bunlarla bağlı ölkədə ekoloji problemlərin həlli və ətraf mühitin sağlamlaşdırılması istiqamətində geniş tədbirlər həyata keçirilir. Elmi-tədqiqat müəssisəsi olaraq Aşqarlar Kimyası İnstitutu bu prosesdə necə iştirak edir?
– Məlum olduğu kimi, neft emalı məhsullarının əsas hissəsini motor və soba yanacaqları təşkil edir. Bu yanacaqların mühərriklərdə, su-elektrik stansiyalarında, eləcə də sənaye müəssisələrində yandırılması zamanı atmosferə karbon qazı, dəm qazı, yüngül karbohidrogenlər, kükürd və azot oksidləri kimi zəhərli qazlar atılır.
Hər hansı mühərrikin işi zamanı (xüsusilə dizel yanacağı) atmosferə bu qazlarla yanaşı his hissəcikləri və nəzərə çarpacaq miqdarda aromatik birləşmələrdən alınan kanserogen birləşmələr (benzopiren və sair) də buraxılır. Hazırda dünyanın əksər ölkələrində dizel mühərriklərinə bir sıra çirkləndiricilər üçün emissiya meyarı təyin edilmişdir.
Böyük Britaniyanın Lester Universitetinin nəzdindəki Ağ Ciyərin Sağlamlığı İnstitutu və digər ölkələrin tibb mərkəzlərinin araşdırmalarının nəticələrinə görə, nəqliyyat mühərriklərindən çıxan his hissəcikləri insanların, xüsusilə balaca uşaqların ağ ciyərində yığılır, ciddi fəsadlara yol açır.
Bu qlobal problemə qarşı AKİ-də atmosferin dizel mühərrikinin tullantı qazlarının əsas toksik komponenti olan tüstü ilə çirklənməsini azaltmaq üçün dizel yanacaqlarına tüstüyə qarşı effektiv aşqar yaradılmışdır. Belə ki, dizel mühərriklərinin işləməsi zamanı çıxan qazlarda tüstünün və kanserogen maddələrin miqdarını kəskin azaldan, təkcə ölkəmizdə deyil, keçmiş SSRİ-də dizel yanacağı üçün ilk tüstü əleyhinə aşqar olan ИХП-706 aşqarı məhz, AKİ-nin “Yanacaq kompozisiyaları” laboratoriyasında alınmış və tətbiq olunmuşdur (ИХП-AKİ-nin rusca adıdır – Институт химии присадок–müəllif).
Neftlə çirklənmiş torpaqların və su hövzələrinin mikrobioloji vasitələrlə təmizlənməsi də AKİ-nin ekoloji problemlərin aradan qaldırılmasına yönəlmiş əsas fundamental və tətbiqi xarakterli elmi işlərindən biridir. Bu nöqteyi-nəzərdən İnstitutun aparıcı alimləri Abşeron yarımadasının Suraxanı, Balaxanı, Binəqədi və Bibi-Heybət yataqları ətrafı müxtəlif karbohidrogen tərkibli torpaqların təmizlənməsi üçün torpağı yaxşılaşdıran əlavələr kompleksi ilə seçilmiş mikroorqanizm (bakteriya və maya) assosiasiyasını təmsil edən bioloji preparatların alınması üçün müasir texnologiya yaratmışlar.
Neftlə çirklənmiş torpaqların “bioremediasiyası” adalanan bu texnologiya ilə adları çəkilən yataqların ərazisinə düşən torpaqlardan ayrılmış aktiv karbohidrogenoksidləşdirici mikroorqanizmlərin istifadəsi ilə bakteriya və mayaların effektiv assosiasiyası tərtib edilmiş, bunun əsasında neftlə çirklənmiş torpaqların rekultivasiyası üçün 4 müxtəlif biopreparat və tədqiq olunan bu yataqlar üçün tövsiyə olunan 1 ümumi biopreparat (“Universal”) hazırlanmış və sınaqdan keçirilmişdir.
AKİ-də ekoloji problemlərin həllinə yönələn ən son uğurlu tətbiqyönlü elmi işlərindən biri də Balaxanı ərazisində min tonlarla yığılmış və ekoloji problem yaradan “turş qudron”un emal prosesinin yaradılması və emal məhsulunun istifadəsi ilə əlaqəlidir.
– Paytaxtımızda torpaqların çirklənməsinin azaldılması, ətraf mühütün sağlamlaşdırılması üçün hansı işlər görülür?
– Bakı Neft Emalı Zavodlarının uzun illər ərzində fəaliyyəti nəticəsində əmələ gəlmiş turş qudron min tonlarla Abşeronun Balaxanı qəsəbəsi ərazisinə tullanaraq həddindən artıq ekoloji problemlər yaratmışdır. Bu ekoloji gərginliyin azaldılması, ətraf mühütün sağlamlaşdırılmasına AKİ alimləri vaxtı ilə ərazidə fəlakət yaşanmasında əsas pay sahibi olan turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavə yaradıblar.
Turş qudronun emalı posesini həyata keçirərək və emal məhsulunu istifadə edərək həm mühüm texniki, həm də mühüm ekoloji problem həll olunmuş olur. Turş qudronun emal məhsulu artıq tətbiq edilir. Bu da həm ölkənin iqtisadi inkişafı, həm də ekoloji problemlərin həllini əhatə edir. Bu müştərək iş də Azərbaycan patenti ilə müdafiə olunub.
AKİ neft sənayesi üzrə ixtisaslaşmış elmi tədqiqat institutu olsa da fəaliyyətinin mühüm aspektləri bu sənayenin yaratdığı ekoloji problemlərin aradan qaldırılmasının elmi əsaslarının yaradılmasına və onun uğurla tətbiqinə yönəlməkdədir. Təbii ki, bundan sonra da bu məsələlərə daha çox diqqət yönələcək və çoxşaxəli fəaliyyət genişlənəcək. Çünki ölkəmizdə baş tutcaq COP29 elmi-tədqiqat institutları, eləcə də kimyaçı alimlərimiz qarşısında yeni vəzifələr qoyacaq. Bu vəzifələri yerinə yetirmək respublikamıza iqtisadi inkişaf ilə yanaşı, başqa ölkələrə nümunə göstəriləcək ekoloji təhlükəsizlik gətirəcək.
Pünhan ƏFƏNDİYEV
XQ