Aşqarlar Kimyası İnstitutunun direktoru “Azərbaycan müəllimi” qəzetini 90 illik yubileyi münasibətilə təbrik edib

69
Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Azərbaycan müəllimi” qəzetinin kollektivinə!

Sizi “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir və çətin, ancaq şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Bir əsrə yaxın müddətdə şanlı bir yol keçən “Azərbaycan müəllimi” qəzeti ölkəmizin elm və təhsil sahəsinin inkişafına böyük töhfələr vermiş, istər sovet dövründə, istərsə də müstəqillik illərində ziyalı təbəqəsinin sevərək oxuduğu ən etibarlı yazılı mənbələrdən birinə çevrilə bilmişdir. Məhz buna görə Azərbaycanın görkəmli, dünya şöhrətli elm və mədəniyyət xadimləri, qabaqcıl pedaqoqların qələmə aldıqları elmi-publistik yazılar ilk növbədə bu qəzetin səhifələrində işıq üzü görmüşdür.

Qəzetin arxiv buraxılışlarına qısa ekskursiya etsək, görərik ki, hər bir nömrəsində elm və təhsillə bağlı araşdırma yazıları, eləcə də, maraqlı müsahibə və reportajlar verilmişdir. Bu da ölkəmizdə elm-təhsil mühitinin formalaşması və təşəkkül tapmasının, həm də Azərbaycan müəllimi qəzeti ilə bilavasitə bağlı olduğunu bir daha təsdiq edir.

Son zamanlar qəzet elmin populyarlaşdırılması missiyasını da öz üzərinə götürərək, Azərbaycan alimlərinin elmi yeniliklərini populyar dildə ictimaiyyətə çatdırmaqla, elmi jurnalistika fəaliyyətini uğurla yerinə yetirir. Təbii ki, bütün bunlar qəzetin illərlə formalaşmış olduqca peşəkar və yaradıcı heyətinin öz bilik və bacarıqlarını bu mətbu orqanına həsr etmələri ilə mümkün olmuşdur.

Sözün əsl mənasında, haqlarında xoş sözlər bir təbrikə sığımayan Azərbaycan müəllimi qəzetinin fədakar kollektivi indi də müstəqil, azad, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmizin elm-təhsil siyasətinə, alim və müəllimlərin çətin və şərəfli işinə işıq salmaqla, cəmiyyətimizin yeni reallıqlarla səsləşən yeni hədəflərə çatması istiqamətində əzmlə çalışmaqdadır.

Sizi 90 illik yubiley münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq!

Hörmətlə,

Vaqif FƏRZƏLİYEV,

Aşqarlar Kimyası İnstitutunun direktoru akademik 

 

PAYLAŞ