Aşqarlar Kimyası İnstitutunda laboratoriya və şöbələrin 2024-cü ildəki elmi-təşkilati fəaliyyətinin hesabatları dinlənilib

50

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda fəaliyyət göstərən laboratoriya və şöbələrin 2024-cü ildəki elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclasları keçirilib.

İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, 11-22 noyabr tarixlərində keçiriləcək “COP29” beynəlxalq konfrans və “Yaşıl dünya naminə həmrəylik ili”nə  həsr olunan bu il, institutumuzun elmi fəaliyyəti üçün də müəyyən nailiyyətlərlə yadda qalan bir il olmaqdadır: “Bu nailiyyətlər fundamental və tətbiqyönlü mühüm nəticələrin əldə olunması, həmin nəticələrin nüfuzlu beynəlxalq bazalarda arxivləşmiş, yüksək impakt faktorlu Q1-Q4 klasifikasiyalı jurnallarda dərc olunması, beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, yüksəkixtisaslı kadr hazırlığı, elmlə təhsilin inteqrasiyası, elmin populyarlaşdırılması və gənclərin elmə həvəsləndirilməsi, cəlb olunması və sair istiqamətləri əhatə edir”.

Sonra laboratoriya müdirləri təqdimatlarla çıxış edərək rəhbərlik etdikləri şöbə və laboratoriyaların 2024-cü il fəaliyyət planına və prioritet istiqamətlərinə uyğun olaraq hesabat dövründə yerinə yetirilən konkret elmi tədqiqatlar, əldə olunan nəticələr və onların müxtəlif məqalə, patent, konfrans materiallarında əks olunması, yüksək ixtisaslı kadr hazırlığı ilə bağlı məlumatlar veriblər, qarşıda duran prioritet məsələlər, problemlər və onların həlli yolları haqqında təklif və tövsiyələrini səsləndiriblər.

Məruzələr ətrafında İnstitutun icraçı direktoru, professor. Əfsun Sucayev, elmi katib k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri tex.e.d., prof. Həqiqət Cavadova, k.e.d., prof. Pərvin Məmmədova, k.e.d. Elmira Nağıyeva və digərləri müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sonda hesabatlara yekun vuran akademik V.Fərzəliyev görülən işləri məqbul hesab edib, amma aparılan elmi tədqiqatlarda kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində laboratoriyaların mövcud potensialı və maddi-texniki bazasının imkanlarının tam səfərbər edilməsinin zəruriliyini qeyd edib. O, xüsusən növbəti ildə institutda elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin beynəlxalq səviyyəli müştərək fundamental və tətbiqi araşdırmalarla əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi istiqamətlərinə diqqət yetirilməsini vacib hesab edib, lazımi tövsiyələrini verib.

PAYLAŞ