Dünyaca məşhur alim COP 29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan beynəlxalq seminarda məruzə edib

10

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda COP 29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan beynəlxalq seminar keçirilib. “ZOOM” platforması üzərindən təşkil olunan bu möhtəbər tədbirə müxtəlif universitet və elmi-tədqiqat institutlarından olan alimlər, doktorant, disertant və magistrantlar qoşulub.

Tədbiri giriş nitqi ilə açan İnstitutun baş direktoru akademik  Vaqif Fərzəliyev 11-22 noyabr tarixində keçiriləcək COP29 tədbirin əhəmiyyətindən, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəhbərlik etdiyi elmi müəssisədə yerinə yetirilən elmi tədqiqatlar haqqında məlumat verib. O, qlobal ekoloji problemlərin həllinə yönələn elmi işlərin müzakirəsi üçün mütəmadi seminarlar təşkil edildiyini vurğulamaqla, bu dəfəki seminarın beynəlxalq səviyyədə bitki ektraktları çərçivəsində aparılan müştərək tədqiqatların nəticələrinin müzakirəsinə həsr edildiyini əlavə etib.

Akademik seminarda məruzə edəcək Bartin Universitetinin Fənn fakültəsi Biotexnoloji Bölümün aparıcı alimi Dos., Dr. Parham Taslimi haqqında məlumat verərək diqqətə çatdırdı ki,  Parham Taslimi 37 yaşında olmasına baxmayaraq bioüzvi kimya, biokimya və fermentlərin kinetikasının araşdırılmasını sahəsində dünyaca məhur elm adamıdır: “Hazırda Bartin Universitetinin Fənn fakültəsi Biotexnoloji Bölümü, Tibbi Biotexnologiya şöbəsinin doçenti vəzifəsində çalışır. 300-ə yaxın elmi əsərin müəllifidir. Nüfuzlu xarici jurnallarda çap olunan məqalələrinə dünya alimləri tərəfindən 14 000 istinad edilmişdir. H-indeksi 71-ə bərabərdir. Ən əsası 5 ildir ki, Parham Tasliminin adı ardıcıl olaraq dünyanın ən nüfuzlu alimləri siyahısında yer alır. Dünyaca məşhur Stenford Universitetinin reytinq açıqlamasına görə, Parham Taslimi Molekulyar biologiya və genetika üzrə Türkiyə üçüncüsüdür”.

İcraçı direktor k.e.d., professor Əfsun Sucayev  Aşqarlar Kimya İnstitunun Türkiyənin Bartin Universiteti ilə beynəlxalq elmi əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektiv planlar haqqında məlumat verərək bildirib ki, Türkiyənin Atatürk və Bartin Universitetləri dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq etsələr də, həmin elmi mərkəzlər sırasında Aşqarlar Kimyası İnstitutuna daha çox önəm verirlər. Onun sözlərinə görə müştərək aparılan beynəlxalq səviyyəli tədqiqatların nəticələri nüfuzlu jurnallarda 50-ə yaxın məqalə şəklində çap olunmuşdur.

Ə.Sucayev gələcək perspektivdə adı çəkilən universitetlərlə Qarabağ və Şərqi Zəngəzurun zəngin florasına daxil olan dərman potensiallı bitkilərin ekstraktları üzrə dərinləşdirilmiş elmi tədqiqatlar aparılmasının nəzərdə tutulduğunu söylədi.

Sonra məruzəçi kimi söz verilən Bartin Universitetinin Fənn fakültəsi Biotexnoloji Bölümü, Tibbi Biotexnologiya şöbəsinin doçenti Dr. Parham Taslimi “Bitkilər üzrə bəzi in vitro çalışmalar”mövzusunda geniş təqdimat etdi. O bildirdi ki, müştərək beynəlxalq tədqiqatlar çərçivəsində bitki ekstraktlarından alınan potensial dərman maddələrinin antioksidant və enzim-izoenzim çalışmalarına  geniş yer verirlər.

O, bu istiqamətdə Türkiyənin ayrı-ayrı bölgələri üzrə təbii örtüyündə yer alan bir çox bitkilərin ekstarktından alınan dərman təsirli maddələrin müfəssəl tədqiq edildiyini, mühüm nəticələr əldə olunduğunu və onların artıq nüfuzlu xarici jurnalda çap edildiyini və xüsusən, dünya alimlərinin diqqətini cəlb etdiyini vurğulayıb.

P.Taslimi tədbirdə magistr və doktoranturada təhsil alan tələbələrin iştirakını nəzərə alaraq bitki ekstraktların hazırlanmasından başlayaraq funksional xassələrlə bağlı müxtəlif ölçmələrin aparılması texnologiyaları haqqında detallı məlumat verdi və əyani materiallar nümayiş etdirdi.

Türkiyəli alim bu istəqamətdə Azərbaycandan olan tədqiqat qrupları ilə sıx əməkdaşlıq etdiyi və gələcəkdə bu tədqiqatların genişləndirilməsinin məqsədəuyğun olduğunu bir daha diqqətə çatdırdı.

Mövzu ətrafında geniş müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonda akademik Vaqif Fərzəliyev Aşqarlar Kimyası İnstitutu ilə beynəlxalq elmi əməkdaşlığa önəm verdiyinə görə Bartin Universiteti Fənn fakültəsi Biotexnoloji Bölümünün aparıcı alimi Doç., Dr. Parham Tasliminə təşəkkürnamə təqdim etdi.

PAYLAŞ