Aşqarlar Kimyası İnstitutunda müştərək beynəlxalq layihə yerinə yetirilir

22

Məlumdur ki, neftin istehsalı, saxlanması və nəqli ətraf mühitin çirklənməsi və bir çox canlı orqanizmlərin məhvinə səbəb olan qəzalarla müşayiət olunur. Hazırda neft çirklənmələrini təmizləmək üçün əsasən kimyəvi preparatlardan istifadə olunur. Lakin kimyəvi maddələrin tətbiqi neftin deqradasiyası üçün səmərəsizdir, onlar çöküntülərdə və suda toplanır, həmçinin ikinci dərəcəli çirklənmə yaratmaqla su və torpağın flora və faunasına mənfi təsir göstərir.

Son zamanlar bu problemin həlli üçün mikroorqanizmlərin hüceyrə səthinin nanomateriallarla işlənməsi kimi yeni və perspektivli sahədə tədqiqatlar aparılır. Bu proses bioremediasiya və nanotexnologiya üsullarını birləşdirən bir yanaşma olaraq bionanoremediasiya adlanır.

Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutununda artıq uzun illərdir ki, müxtəlif üzvi pollyutantlarla çirklənmiş su və torpaq ərazilərinin bioremediasiyası üzrə tədqiqatlar aparılır. 2024-cü ilin fevral ayında AMEA-TUBİTAK-ın elan etdiyi müsabiqədə AKİ-nin İstanbul Texniki Universiteti ilə birgə hazırladığı «Nanoenhanced Bioremediation of Oil Spills in Seawater and Soil using Microorganism Loaded Core-Shell Magnetic Nanoparticles» (Mikroorqanizmlə yüklənmiş maqnit nüvəli nanohissəciklərdən istifadə edərək dəniz suyunda və torpaqda neft dağılmalarının nanotəkmilləşdirilmiş  bioremediasiyası) adlı layihə uğur qazanmışdır.

Oktyabr ayında türk tərəfdaşları ilə birgə Zoom vasitəsilə təşkil edilmiş  görüşdə layihə üzrə hər iki tərəfin imkanları və nəzərdə tutulmuş işlər müzakirə olunmuşdur. İnsitutun 6 saylı “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasında əldə olunmuş aktiv karbohidrogen oksidləşdirici mikroorqanizmlərin İstanbul Texniki Universitetində alınmış nanohissəciklərlə yüklənməsi, nanomateriallardan istifadənin bioremediasiyanın effektliyinin artırılmasında və karbohidrogenlərin parçalanmasının sürətləndirilməsində rolunu öyrənmək istiqamətində tədqiqatlara başlanılmışdırr.

Həmçinin layihə çərçivəsində Türkiyə tədqiqat qrupunun nümayəndəsi  Bikə xanım Paşayeva institutumuzda olmuş,  laboratoriyada aparılan tədqiqatlar və avadanlıqla tanış olaraq, laboratoriyanın imkanlarını yüksək qiymətləndirmiş və bunun gələcək əməkdaşlıq üçün vacibliyini  vurğulamışdır. Sonra layihə rəhbəri professor Pərvin xanım Məmmədova və tədqiqat qrupu ilə görüşdə birinci mərhələdə görüləcək işlər bir daha ətraflı müzakirə olunmuşdur.

 

PAYLAŞ