24 dekabr 2024-cü il tarixində akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Ekoloji tələblərə cavab verən plastik sürtkülərin alınması” mövzusunda ekoloji maarifləndirmə seminarı keçirilib.
Giriş nitqi ilə çıxış edən İnstitutun icraçı direktoru professor Əfsun Sucayev bildirib ki, institutumuzun alimləri ekoloji problemlərin həllinə yönələn elmi fəaliyyətə həmişə üstünlük vermişlər. Professor qeyd edib ki, laboratoriyalarda ekoloji problemlərin həllinə və ətraf mühitin sağlamlaşdırılmasına xidmət edən 4 istiqamətdə tədqiqatlar aparılıb, mühüm fundamental və tətbiqi nəticələr əldə edilib. O, “yaşıl sürtkü”lərin alınması və tədqiqinin İnstitut alimlərinin mühüm bir elmi istiqaməti olduğunu söyləyib.
Ə.Sucayev bildirib ki, hazırda İnstitutda “Müasir tələblərə cavab verən plastik sürtkülərin yaradılması və istehsalının təşkili” adlı elmi-texniki proqramı yerinə yetirilir: “Proqram çərçivəsində “yaşıl” adlanan sürtkü materiallarının yaradılması, daha dəqiq, bitki yağları (günəbaxan, qarğıdalı və s.) əsasında bioloji parçalana bilən eko-sürtkülərin alınması sahəsində tədqiqatlar aparılmaqdadır”.
Sonra “Zərif üzvi sintez” laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru Sevgili Məmmədova “Ekoloji tələblərə cavab verən plastik sürtkülərin alınması” mövzusunda geniş təqdimatla çıxış edib. Məruzəçi qeyd edib ki, bitki yağları əsasında bir sıra üstünlüklərə – qeyri-toksik, təbii şəraitdə parçalanan, yüksək alışma temperaturuna malik, ən əsası, bərpa olunan xammaldan alınan biosürtkülər sahəsində aparılan tədqiqat işində bir sıra mühüm elmi nəticələr əldə edilmişdir.
Tədqiqatlar nəticəsində bitki və mineral yağ qarışığına (dispers mühit) və kimyəvi modifikasiya edilmiş bitki yağı qliseratlarına (dispers faza) əsaslanmağın, sürtkünün reoloji və triboloji xassə göstəricilərinə, biodeqradasiya prosesinin tələb olunan tempinə görə məqsədəuyğun olduğu müəyyən edilmişdir.
S.Məmmədova fundamental və tətbiqi xarakterli tədqiqatların mühüm nəticələri ilə bağlı 1 ixtiraya Azərbaycanın patentinin verilməsi haqqında Patent və Əmtəə Nişanları Ekspertiza Mərkəzi tərəfindən qərar verilmiş, 2 ixtira üzrə iddia sənədləri qeyd olunan Ekspertiza Mərkəzinə təqdim edilmişdir.
S.Məmmədova bildirib ki, onların laboratoriyasında aparılan elmi işlər ümumi təyinatlı antifriksion plastik sürtkülərin alınma sahəsinə, daha dəqiq desək, ekoloji zərərsiz ümumi təyinatlı plastik sürtkünün tədqiqinə aiddir. Aparılan bu işlər respublikamızın ekoloji problemlərinin həllinə geniş töhfə verəcəkdir.
Təqdimatla bağlı elmi katib, k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdiri k.e.d. Afayət Məmmədova, aparıcı elmi işçilər Məlahət Abbasova və Ceyhun Həmidova fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.