Aşqarlar Kimyası İnstitutunda “Qanlı 20 Yanvar tariximizin, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir” adlı tədbir keçirilib

2

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İnstitut Həmkarlar Təşkilatının sədri k.ü.f.d., dosent Elxan İsakov “Qanlı 20 Yanvar tariximizin, xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda təqdimatla çıxış edərək bildirib ki: “20 Yanvar təkcə faciə deyil, həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.Bu hadisə insanlığa qarşı törədilmiş ən ağır cinayət olmaqla yanaşı, həm də xalqımızın şərəfli, qəhrəmanlıq tarixinə daxil olan əlamətdar bir gündür. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb”.

O, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayət olduğunu bildirib. Bu hadisələr Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyinin, Vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunun bir daha sübuta yetirildiyini vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən Mülki Müdafiə Qərargah rəisi Hüseyn Dünyamalıyev və aparıcı elmi işçi k.ü.f.d., Nüsrət Əliyev 20 yanvar faciəsi ilə bağlı xatirələrini danışıb və bu günlə bağlı öz hisslərini bölüşüblər.

PAYLAŞ