AMEA-nın Kimya Elmləri Bölməsi 2024-cü ildə bir sıra mühüm elmi və tətbiqi nəticələr əldə edib

13

Azərbaycan Respublikası Prezidentinin 3 noyabr 2023-cü il tarixli Fərmanı ilə təsdiq olunmuş AMEA-nın Nizamnaməsini rəhbər tutaraq Kimya sahəsində elm və ali təhsil müəssisələrinin elmi fəaliyyətinə elmi-metodik dəstək verilməsi, 2024-cü ildə alınmış mühüm elmi və tətbiqi nəticələrin ümumiləşdirilməsi, müzakirə və təhlil edilməsi və tövsiyələrin verilməsi Bölmənin fəaliyyətinin əsas məzmununu təşkil etmişdir.

Hesabat ilində Kimya Elmləri Bölməsi əhatə etdiyi elm sahələri üzrə Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər”ini, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı və Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nı öz fəaliyyətlərində rəhbər tutmuşdur.

Həmçinin AMEA-nın Kimya Elmləri Bölməsi fəaliyyətində AMEA-nın Ümumi yığıncağının 29 fevral 2024-cü il tarixli 1/1 №-li qərarı, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi və ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı işlərin görülməsi də əsas götürülmüşdür.

Bölmənin əhatə etdiyi elm və tədris müəssisələri əsasən aşağıdakılardır:

– Neft-Kimya Prosesləri İnstitutu (NKPİ),

– Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (KQKİ),

– Aşqarlar Kimyası İnstitutu (AKİ),

– Polimer Materialları İnstitutu (PMİ).

– Bakı Dövlət Universiteti, kimya fakültəsi,

– Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, kimya texnologiya fakültəsi,

– Milli Aviasiya Akademiyası,

– SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutu,

– Bakı Ali Neft Məktəbi,

– Azərbaycan Memarlıq və İnşaat Universiteti,

– Azərbaycan Dövlət Pedaqoji Universiteti,

– Azərbaycan Texniki Universiteti,

– Gəncə Dövlət Universiteti,

– Sumqayıt Dövlət Universiteti.

Bölmənin əhatə etdiyi elmi müəssisələr aşağıda göstərilən Dövlət Proqramlarının və tapşırlqların yerinə yetirilməsində iştirak etmişlər:

“Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası” (3.1.5. Elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inteqrasiya edilməsinin təmin edilməsi).

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın Tədbirlər Planı,

“Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın” Fəaliyyət Planı,

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı və AMEA-nın Tədbirlər Planı,

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər,

Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2024-cü il üzrə Yol Xəritəsi.

2024-cü ildə təaqiqatlar bir neçə prioritet istiqamətlər üzrə aparılmışdır:

Ağır neft qalıqlarının yanar şistlər, biokütlə, təbii qaz ilə birgə emalı və əlavə dəyər yarada bilən kimyəvi məhsulların istehsalı üçün elmtutumlu yeni texnologiyaların yaradılması;

Yüksək texnologiyalar üçün unikal xassələrə malik maqnit topoloji izolyatorların, enerji çeviriçilərinin, nanokatalizatorların və nanoboruların alınması;

Yüksək fizioloji təsirə malik üzvi və koordinasion birləşmələrin, bioaktiv polimerlərin və nanogellərin sintezi.

 Hesabat ilində Bölməyə təqdim edilmiş əsas elmi və tətbiqi nəticələrdən bir neçəsini qeyd etmək olar:

– Mazutun fıstıq yonqarı və şam talaşası ilə 5-10-15%-li qarışıqlarının 400oC və FeO·Fe2O3 katalizatorların istifadəsində termokatalitik çevrilmələri aparılıb və müəyyən edilib ki, prosesdə alınan qaz qarışığında kütləcə 38.1-41.5-46.3% karbohidrogen qazları və 18.0-20.4-21.9% hidrogen təşkil edir.

– Oktilbromid, di- və trietanolamin əsasında sintez edilmiş ion-maye tipli səthi-aktiv maddələrin qismən neytrallaşdırılmış oksipropilləşdirilmiş poliakril turşusu ilə kompleksləri alınmış və bu komplekslərin su səthində nazik Balaxanı nefti təbəqəsini lokallaşdırmaq qabiliyyəti aşkar edilmişdir. Laboratoriya şəraitində aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, dəniz suyunda bu komplekslərin (5 %-li sulu məhlul) maksimal neftyığma əmsalı – 40.5, təsir müddəti isə ~ 6 günə bərabər olmuşdur.

– Quyularda və neftçıxarma borularında asfalt, qətran və parafinçökmənin qarşısının alınması məqsədi ilə təbii neft turşularının törəmələri, yüngül fleqma əsasında (Marka “Parkorin-22 A”) parafinçökmə inhibitor-bakterisidinin istehsalı təşkil olunub. “İNKOR”-MMC-də 01.12.2024-cü il tarixinə qədər 128-191 ton “Parkorin-22 A” inhibitor-depresant parafinçökmə inhibitoru istehsal edilmişdir.

(Neft-Kimya Prosesləri İnstitutu).

– Azot heterotsikllərlə modullaşdırılmış oliqo-α-aminopiridinlərin keçid metal kompleksləri, polidentat hidrazon liqandları əsasında effektiv bakterisidlər, funqisidlər və xərçəng əleyhinə aktiv olan preparatlar sintez edilmiş, onların bioloji və katalitik aktivlikləri tədqiq edilmişdir. Aşkar edilmişdir ki, metalların monomer komplekslərinin (maleatlar və asetatlar) qarşılıqlı təsiri nəticəsində polimer heterometallik birləşmələr əmələ gəlir.

– Qeyri-Nyuton neftinin həcmindən müxtəlif təbiətli və tipli hissəciklərin çökməsinə həsr olunmuş nəzəri və təcrübi tədqiqatlar üç çökmə mexanizmini aşkar etmişdir: a) molekulyar və turbulent diffuziya nəticəsində çoxlu hissəciklərin səthə köçdüyü diffuziya mexanizmi; b) kütlə qüvvələrinin təsirindən qravitasiya sahəsində zərrəciklərin səthə çökməsi; c) çökmənin diffuziya-qravitasiya mexanizmi;

– Yerli xammal (vulkan palçığı, yanar şist), məişət və sənaye tullantıları əsasında alınmış kompleks üzvi gübrə Saatlı rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin qərarı ilə Saatlı rayonunun fermer təsərrüfatında BO-440 pambıq sortu üzərində geniş ərazidə sınaqdan keçirilmişdir. Nəticələr Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində, Ekologiya və Təbii Sərvətlər Agentliyində və Əqli Mülkiyyət Agentliyində müzakirədən keçmişdir.

(Kataliz və Qeyri-üzvi Kimya İnstitutu).

-Bəzi xəstəliklərlə əlaqəli metabolik fermentləri inhibə edən yeni nəsil inhibitorların yaradılması məqsədilə tərkibində sulfamid fraqmenti saxlayan yeni heterotsiklik birləşmələr, diheterotsikloalkanların alkoksimetil törəmələri və pirazol əsaslı birləşmələrin metal komplekslərinin fermentlər və onların izoformaları üzrə inhibitor fəallığı tədqiq olunmuş, onların molekulyar dokinq tədqiqi ilə yeni inhibitorların fermentlə modelləşdirilmiş fraqmentlərində qeydə alınan göstəricilər onların standart dərman maddələri ilə müqayisədə yüksək biokimyəvi aktivliyə malik olduğunu təsdiqləmişdir. Bu inhibitorların ayrı-ayrı funksional qrupa malik nümayəndələri epilepsiya, Alzheymer və digər nevroloji xəstəliklərə qarşı potensial dərman maddələri kimi istifadə oluna bilər.

– N-metoksietoksimetilbenzotiazolin-2-tionun üçmetilsililazidlə birgə təsiri nəticəsində ilk dəfə olaraq poladı turş mühitdə korroziyadan 99,8% mühafizə edən N-azidometilbenzotiazolin-2-tion sintez edilmişdir:

– Sürtkü yağlarının yeyilməyə və siyrilməyə qarşı xassələrini effektiv yaxşılaşdıran, oktilasetamid- və amilallildisulfidlərdən ibarət yeni aşqar kompozisiyası yaradılmışdır.

(Aşqarlar Kimyası İnstitutu).

– Sахаrin-6-каrbon turşunun 2-hidroksipropili və triqliseridi əsasında alınan birləşmələrdən ED-20 epoksid qatranı üçün bərkidici kimi istifadə edilmiş və istiliyə davamlı 3 müxtəlif quruluşlu kompozisiya materialı işlənib hazırlanmışdır. Müəyyən olunmuşdur ki, alınmış epoksikompozisiyalarin bərkimə dərəcələri onların tərkibindən asılı olaraq 91, 93 və 85% təşkil edir. Epoksikompozisiyaların bərkimələrinin optimal şəraiti müəyyən edilmiş və göstərilmişdir ki, alınan kompozisiyalar yüksək istiliyə davamlılığa və fiziki-mexaniki göstəricilərə malik olur. Alınan epoksikompozisiyalar elektronika və elektrotexnikada elektrik izolyasiya materiallarının və istiliyə davamlı örtüklərin istehsalında istifadə edilə bilər.

– Maleinləşdirilmiş yüksək təzyiqli polietilen matrisində stabilləşdirilmiş metal oksidləri (Cu2O, ZnO) əsasında alınan nanokompozit materiallar üçün laboratoriya texnoloji reqlamenti işlənib hazırlanmış və tətbiq üçün tövsiyə olunmuşdur.

(Polimer Materialları İnstitutu).

– N-əvəzolunmuş xitosanın difenilfosfin oksidi ilə elektrokimyəvi birləşməsi fosforlanmış xitosanın hazırlanması üçün yeni sadə və sürətli yol kimi tanınıb. Yüksək dərəcədə əvəzlənmiş polimerlər (CH-P0.70), monoqliseridlərin sintezinin model reaksiyası üçün effektiv homogen katalizatorlardır (3 saat ərzində təxminən 100% çıxım).

– Alzheymer və şəkərli diabet xəstəliklərinə qarşı sınaqdan keçirilən yeni izoxinolin törəmələrinin mövcud tacrine və donepezildən, eləcə də miglitol və akarbozadan iki dəfə effektiv təsir göstərməsi müəyyən olunmuşdur.

– Yeni dərman daşıma sistemi kimi, Levofloksasin ilə bentonit nanohissəciklərindən kompoziti əldə edilərək poliviniliden florid (PVDF) cərrahi torlarına inteqrasiya edilmişdir. Bentonit nanohissəciklərinin dərmanın idarəli buraxılması və uzunmüddətli antibakterial təsir əldə edilməsi üçün cərrahi torlardan dəri yanıq yaralarının müalicə olunmasında potensialı göstərilmişdir.

(Bakı Dövlət Universiteti, kimya fakültəsi).

– Mono-, di, və triizobutilqliserin efirlərinin isthsalı üçün tullantl polistirol (K-PST-3) əsasında sintez edilmiş sulfokationitlərin yüksək katalitik aktivliyi müəyyən edilmişdir.

– İyirmişli və Bayquşlu yataqlarından götürülmüş yanar şist nümunələrinin termiki emal prosesi tədqiq edilmiş, prosesin kinetik tənliyi verilmiş və emal prosesinin kinetik modelləri tərtib olunmuşdur. Termiki destruktiv parçalanma prosesinin mexanizmi və kinetik tənliklərə görə optimal reaksiya aparatları müəyyən olunmuş və emal prosesinin kompleks sxemi verilmişdir.

(Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, kimya mühəndisliyi fakültəsi).

– İlk dəfə olaraq məhsulu sulaşmış quyuların selektiv təcridi və neftveriminin artırılması üçün lay sularının xüsusiyyətlərini nəzərə alaraq ekoloji təmiz, ətraf mühit üçün toksiki olmayan biopolimer olan qummiarabik əsaslı gel əmələ gətirən tərkib işlənilmişdir. Adi şəraitdə uzun müddət bircins məhlul formasında qala bilən tərkib əlverişli süxur adgeziyası və termiki davamlılığı ilə seçilir. Qarışıq uyğun quyudibi zona şəraitində in situ kimyəvi çevrilməyə məruz qalaraq stabil gel strukturu formalaşdırır.

– Su-neft emulsiyalarının reoloji xassələrini yaxşılaşdıran, neftin susuzlaşdırılmasını, duzsuzlaşdırılmasını, mexaniki qarışıqlardan təmizlənməsini təmin edən yeni ND-4/57 reagenti işlənilib hazırlanmışdır.

– Sulaşmış istismar quyularının neft-mədən avadanlıqlarının korroziyadan mühafizəsinin təmin olunması məqsədilə yeni tərkibli Neftqaz-NM inhibitor-bakterisidi və yeni elektrokimyəvi mühafizə metodu- DA-118 tipli dərinlik anodları işlənmiş, onların mədən sınaqları həyata keçirilmişdir.

– Soyutma sistemlərində ərpəmələgəlmənin aradan qaldırılması və metal avadanlıqların korroziyadan mühafizəsi üçün biopolimer əsaslı kompleks təsirli yeni reagent işlənib hazırlanmışdır.

(SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutu).

– Müxtəlif növ biokütlənin (məsələn, kənd təsərrüfatı tullantıları – pambıq gövdələri, saman, oduncaq və s.) termiki və termokatalitik çevrilmə vasitəsilə yanacaq komponentlərinin alınma prosesində istifadəsi zamanı təbii nano-borularla zəngin halloizit süxurlarının yüksək xüsusi səthi və unikal strukturu onlara katalitik proseslərdə effektiv iştirak etməyə, məhsuldarlığı artırmağa və enerjiyə tələbatı azaltmağa imkan verir.

– Yağ turşuları və müxtəlif di-, tri- və poliaminlər əsasinda səthi-aktiv maddələr sintez edilmiş, onların yüksək antibakterisid və effektiv neftyığma və dispersləmə xassəsinə malik olmaları göstərilmişdir.

(Bakı Ali Neft Məktəbi).

– Aerokosmik sahədə hərəkətin dinamikalarının idarə olunması, aerodinamik göstəricilərin yüksəldilməsi üçün sürtünmə əmsalı minimal həddə olan forpolimer kompozisiya əsasında örtüklərin alınması üzrə tədqiqatlarda PEU forpolimeri kompozisiyası əsasında alınmış örtüklərin triboloji qurğuda aparılmış ölçmələri bu örtüyün sürtünmə əmsalının Boeing 747 HG-nin üzərinə çəkilmiş örtüklə müqayisədə iki dəfə az olduğu müəyyən edilmişdir.

(Azərbaycan Milli Aviasiya Akademiyası).

– Benzolun Lyüs turşularının iştirakı ilə 2-(2 metil-2-propenil)-3-xlormetil-oksiranla kondensləşmə reaksiyası tədqiq edilmiş, ilk dəfə olaraq tsiklobutanın aril əvəzli epoksid törəmələri sintez olunmuş, onların optiki izomerləri ayrılmış, quruluşları müasir fiziki kimyəvi metodlarla təsdiq edilmişdir.

(Azərbaycan Memarlıq və İnşaat Universiteti).

– Kobaltın, dəmirin və molibdenin 2-hidroksi-5-halofentiofenollar və 2,6-ditiol-4-alkilfenollarla hidrofob aminlərin iştirakı ilə müxtəlifliqandlı komp­leksləri tədqiq edilmiş, onların müxtəlif təbii obyektlərdə və sənaye materiallarında təyini üçün yeni ekstraksiyalı-spektrofo­tometrik metodikalar işlənib hazırlan­mışdır.

(Azərbaycan Dövlət Pedaqoji Universiteti).

İnstitutlarda müxtəlif ixtisasları əhatə edən kimya elmləri üzrə üç və texnika elmləri üzrə bir Dissertasiya Şurası, kimya elmləri üzrə daha bir Dissertasiya Şurası isə BDU-nun kimya fakültəsində fəaliyyət göstərir (cəmi 5).

2024-ci ildə Dissertasiya Şuralarında kimya və texnika üzrə 12 elmlər doktoru və 37 fəlsəfə doktoru dissertasiyaları müdafə olunmuşdur.

4 institutda elmlər doktoru hazırlığı üzrə 72 doktorant və dissertant, fəlsəfə doktoru hazırlığı üzrə 73 doktorant və dissertant təhsil alır.

AR Elm və Təhsil Nazirliyinin “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə 2023-cü ildə I kursa qəbul olunmuş 15 magistrantından 9 nəfər Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna, 3 nəfər Neft-Kimya Prosesləri İnstitutuna, 3 nəfər isə Bakı Dövlət Universitetinin kimya fakültəsinə təhkim olunmuşlar.

2024-сü ildə “Sabah qrupları”na “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə qəbul olunan 11 magistrant KQKİ-yə göndərilmişdir.

Kimya Elmləri Bölməsinin 2024-cü ildə elmi məhsuldarlıq göstəriciləri aşağıda göstərilmişdir:

Elmi əsərlərin ümumi sayı – 1182,

Monoqrafiya, kitab və dərslik – 30 , xaricdə – 4,

Tezislər toplusu – 3,

Məqalələr – 436, xaricdə – 232,

Məqalə və tezislər – 1113,

Xaricdə çap olunan məqalə və tezislər – 487,

Web of Science bazasında indeksləşən jurnallarda – 160,

Scopus bazasında indeksləşən jurnallarda – 132,

Alınan patentlər – 36,

Xarici patentlər – 2,

Patent almaq üşün iddia sənədləri – 51,

İstinadlar – 5720,

2022-2024-cü illərdə Kimya Elmləri Bölməsinin elmi məhsuldarlığının dəyişmə dinamikası aşağıda verilmişdir:

Elmi məhsuldarlıq                        2022            2023            2024         Cəmi

Məqalələr (ümumi)                           403              407              436          1 246

Monoqrafiya, kitab, dərslik                 24                21                30               75

WoS, Scopus                                     219              236              292             747

Q1 – Q4                                            132              171              217             520

Patentlər                                              22                40                36               98

İstinadlar                                         3500            4900            5720        14 120

Beynəlxalq əməkdaşlıq sahəsində İnstitutlar İtaliya, Fransa, Almaniya, Türkiyə, Bolqarıstan, Rusiya, Belarus, Özbəkistan, Gürcüstan, Misir, Pakistan və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir, müxtəlif ölkələrə elmi ezamiyyətlərdən səmərəli istifadə etməyə çalışırlar. Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda iki beynəlxalq laboratoriya (İspaniya Elmi Mərkəzi, İngiltərə və Almaniya universitetləri ilə müştərək) fəaliyyət göstərir. Avropa Komissiyasının HORİZON 2020 Proqramının “Tədqiqat və İnnovasiya” nominasiyası üzrə qrant müsabiqəsinin qalibi kimi Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Norveç, Belçika, Almaniya, İngiltərə, Fransa və Niderlandın 10 şirkət və universitetləri ilə birgə ümumi dəyəri 6,5 mln avro olan meqalayihədə iştirak edirlər.

Alimlərimiz xarici ölkələrdə keçirilən bir sıra Beynəlxalq konfranslarda iştirak ediblər. İnstitutların Gənc alimlər və tədqiqatçılar şuraları hesabat ilində yüksək fəallıq nümayiş etdirmiş, bir çox beynəlxalq tədbirlərdə iştirak etmişlər. Gənclərimiz Almaniyada, Belçikada, İtaliyada, Fransada, Bolqarıstanda, Türkiyədə, Rusiyada, Özbəkistanda, Tacikistanda, Gürcüstanda, Pakistanda elmi ezamiyyətdə olmuşlar.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantı Aynurə Rzayeva Fransanın Monpelye universitetində doktorantura təhsilini davam etdirmişdir. Elm Fondunun mobillik qrant müsabiqəsinin qalibləri olan Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun doktorantları Samirə Süleymanova və Sevil Xəlilova İtaliyada, Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Fərqanə Əlizadə Pakistanda ezamiyyətdə olmuş, dəgər gənclər Rusiyada və digər ölkələrdə keçirilən müsabiqələrin qalibi kimi mükafatlandırılmışlar.

Gənc alimlərimiz Almaniyada, Belçikada, İtaliyada, Fransada, Bolqarıstanda, Türkiyədə, Rusiyada, Özbəkistanda, Tacikistanda, Gürcüstanda, Pakistanda, Qətərdə ezamiyyətdə olmuş, ixtisas təcrübəsi keçmiş, müxtəlif beynəlxalq konfranslarda moderator və spiker olmuşlar.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Tədbirlər planında nəzərdə tutulanlar yerinə yetirilmişdir (3 kitab və məqalələr çap edilmiş, konfranslar və müsabiqələr keçirilmişdir);

Nazirlər Kabinetinin 459s nömrəli 3 avqust 2022-ci il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupun üzvü kimi fəaliyyət göstərilir (akad. Dilqəm Tağıyev);

Bakıda keçirilən və 15 xarici ölkədən olan iştirakçılar olan 8-ci “Materials for Energy Storage and Conversion” Beynəlxalq Simpoziumuna Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ev sahibliyi etmişdir (təşkilat komitəsinin sədri akad. Dilqəm Tağıyev, sədr müavini prof. Akif Əliyev);

Beynəlxalq jurnallarda rəyçilik fəaliyyəti yüksək qiymətləndirilmişdir (prof. Əfsun Sucayev, AKİ; dos.Sevda Fətullayeva, KQKİ; prof. Nəcəf Qəhrəmanov);

Şuşada keçirilən İslam əməkdaşlığı ölkələrinin gənc alimlərinin forumunda akad. Dilqəm Tağıyev açılış iclasında geniş nitqlə çıxış etmiş, AMEA-nın gənc alimləri maraqlı məruzələr etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə AKİ-nin alimləri – akademik Vaqif Fərzəliyev, professorlar Həqiqət Cavadova və Əfsun Sucayev 2024-cü ildə Azərbaycan Respublikasının texnika sahəsi üzrə “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Dövlət Mükafatına layiq görülüblər.

Bölmənin bır sıra alimləri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif ediliblər.

NKPİ-nun əməkdaşları Səbinə Eldarova və Ülviyyə Yolçuyeva Xantı-Mansiysk Muxtar vilayətinin Gənclərin Yeddinci Beynəlxalq elmi-praktiki forumunda 1-ci yerə layiq görülüblər. Günay Heydərli (NKPİ) və Emin Əliyev (KQKİ) Bakı Ali Neft Məktəbində keçirilən V Beynəlxalq Elmi Konfransda 1-ci yeri tutublar.

Neft-Kimya Prosesləri İnstitutunda 26-27 sentyabr 2024-cü ildə akademik Məhərrəm Məmmədyarovun anadan olmasının 100 illik, 19-20 dekabr 2024-cü ildə isə akademik Soltan Mehdiyevin anadan olmasının 110 illik yubileylərinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilmişdir.

Elm və təhsilin inteqrasiyası sahəsində İnstitutlarda Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müxtəlif kafedralarının 5 filialı, Sumqayıt Dövlət Univertsiteti ilə Polimer Materialları İnstitutunun birgə təşkil etdikləri “Elm-təhsil mərkəzi” fəaliyyət göstərir.

Müxtəlif universitetlərdən (BDU, ADNSU, UFAZ, ADPU, AzTU, BANM və b.) hər il 500-600 tələbə institutlarımızda ixtisas təcrübəsi keçir, laboratoriyalarda tədqiqat metodları ilə tanış olur, magistrantlar isə tədqiqat işləri aparırlar.

Bir sıra əməkdaşlarımız müxtəlif universitetlərdə dərs deməklə tələbələrin institutlara, elmi fəaliyyətə cəlb edilməsində vacib rol oynayırlar.

Şagirdləri maraqlandırmaq üçün institutlarda “Açıq qapı” və “Kiçik akademiyalara dəstək” günləri keçirilir. Sabahın alimləri müsabiqəsində şagirdlərin elmi işlərinə alimlərimiz rəhbərlik edirlər.

Bu günlərdə AMEA Rəyasət Heyətinin iclasında dinlənilmiş Hesabatın sonunda AMEA Rəyasət Heyətinin Qərarı ilə 2025-ci il üçün Kimya Elmləri Bölməsinə müvaviq tövsiyələr verilmişdir.

Dilqəm Tağıyev, AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin sədri, akademik

PAYLAŞ