Aşqarlar Kimyası İnstitutunda Bakı Dövlət Universitetinin tələbələrinin istehsalat təcrübəsinə başlanılıb

12

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası  İnstitutunun (AKİ) müvafiq laboratoriyalarında tədqiqat (istehsalat) təcrübəsi keçəcəklər.

Bu münasibətlə təşkil olunan görüşdə Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d., prof. Əfsun Sucayev çıxış edərək tələbələri və müəllim heyətini salamlayıb, Ə.Quliyev adına Aşqarlar Kimyası  İnstitutu ilə Bakı Dövlət Universitetinin sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Professor tələbələri institutun tarixi, mövcud laboratoriyaları, fəaliyyət istiqamətləri, dünya şöhrətli alimləri, mühüm elmi nailiyyətləri, ölkənin iqtisadi həyatında və müdafiə qüdrətinin artırılmasında rol onyayan tətbiqi işləri haqqında məlumatlandırıb, bildirib ki, tələbələr ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər. Təcrübə dövründə tələbələr onlar üçün hazırlanmış gündəlik fəaliyyət planı əsasında institutun elmi işçiləri tərəfindən elmi tədqiqat işlərinə cəlb olunacaq və öyrəndikləri fundamental elmi bilikləri təcrübi olaraq möhkəmləndirmək imkanı əldə edəcəklər.

O eyni zamanda qeyd edib ki, təcrübəkeçmə müddətində öz bilik-bacarıq və davranışı ilə seçilən tələbələrə sonda diplom və sertifikatlar  təqdim ediləcək.

Görüşdə iştirak edən BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov fakültənin bu institutla hər zaman əməkdaşlıq etdiyini, burada yaradılan baza kafedrasının fəaliyyətindən, tələbələrin istehsalat təcrübəsinin təşkilindən danışaraq, institutun bir çox əməkdaşlarının bakalavr tələbə və magistrantların tədris prosesinə müəllim kimi cəlb olunduğunu vurğulayıb.

İ.Məmmədov tələbələrə göstərdikləri diqqət və qayğıya görə Aşqarlar Kimyası İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra tələbələr qruplara ayrılaraq ayrı-ayrı laboratoriyalara təhkim olunublar.

 

PAYLAŞ