Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metaloenzim inhibitorları yaradılacaq

7

AR Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı alimləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin (AEF-BQM-BRFTF-4-2024-5(53)) qalibi olublar. İnstitutdan verilən məlumata görə, Belarus Milli Elmlər Akademiyası Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutu ilə birlikdə 2025-2027-ci illər ərzində «Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metaloenzim inhibitorlarının yaradılması və in vitro və in vivo təcrübələrində onların effektivliyinin öyrənilməsi» layihəsini həyata keçirəcəklər.

Məlumatda o da deyilir ki, Aşqarlar Kimyası İnstitutunun alimləri Belarusdan olan həmkarları ilə uzun müddətdir ki, müştərək tədqiqatlar aparırlar. İndiyə qədər AKİ-də zərif üzvi sintez üsullarından istifadə etməklə yeni sintez olunmuş birləşmələrin müxtəlif funksional xassələrini, onların təsir mexanizmini tədqiq etmək və quruluşları ilə səmərəliliyi arasında olan əlaqəyə əsasən perspektivli reagentlərin seçilməsinin elmi əsasları işlənilmiş, həmin birləşmələrin heyvanlar üzərində eksperimental modellərdə effektivliyi qiymətləndirilmiş, bioloji fəaliyyət spektrinin kompüter hesablamaları aparılmış, bu birləşmələrin standart dərmanlarla müqayisədə yüksək effektivliyə malik olduğu sübut olunmuşdur.

 

PAYLAŞ