Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

5

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyevin sədrliyi ilə keçən iclasda “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 aprel tarixli 545 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2025-ci il tarixli 216s nömrəli Sərəncamından irəli gələn məsələlər müzakirə olunub.

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev verilən Sərəncam haqqında geniş məlumat verib.

V.Fərzəliyev  məqsədin elmi tədqiqat müəssisələrində aparılan tədqiqatların səmərəliliyini artırmaq olduğunu qeyd edib. O, İnstitutda istər fundamental, istərsə də tətbiqi sahədə indiyə qədər mühüm elmi nəticələr əldə olunduğunu, amma onların daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb və  işçilərin gündəlik fəaliyyət planı üzrə müvafiq işlə təmin olunmasını, işə davamiyyət məsələlərinə önəm verilməsini qeyd edib.

İnstitutun icraçı  direktoru professor  Əfsun Sucayev çıxış edərək, Sərəncamdan irəli gələn məsələlər haqqında öz fikirlərini bildirib.

Ə.Sucayev bildirib ki, elmin inkişafının hazırkı yenilənmə mərhələsi dünyanın müasir tələblərinə və ölkəmizdə yaradılan yeni reallıqlara uyğunlaşdırılmalıdır: “Bunun üçün elmi tədqiqat müəssisələrində, o cümlədən Aşqarlar Kimyası İnstitutunda yüksək ixtisaslı kadr hazırlığı sahəsində səmərəliliyin artırılması istiqamətində keyfiyyət dəyişikliklərinə önəm verilməlidir. Bu nöqteyi-nəzərdən elmi fəaliyyətini doktorantura və dissertanturada davam etdirən hər bir mütəxəssis elmi işini yüksək səviyyədə yerinə yetirib müvafiq elmi dərəcə qazanmaqla, çalışdığı İnstituta, eyni zaman da bütövlükdə ölkəmizə, dövlətimizə, millətimizə fayda gətirmiş olur. Dissertasiya işi müdafə etməyə yalnız öz şəxsi məsələniz kimi baxmamalısınız, bu həm də ümumi məsələdir”.

Mövzu ətrafında müzakirələr aparılıb.

 

PAYLAŞ