12 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutnda “Korrupsiyaya qarşı mübarizədə elmi yanaşmalar” mövzusunda maarifləndirici tədbir keçirilib.
İnstitut elmi şurasının üzvləri, gənc alim və mütəxəssislərin iştiak etdiyi görüşdə İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir: “Bu sənəddə hər bir qurum, o cümlədən elmi tədqiqat institutları qarşısında qoyulan vəzifələrdən irəli gələrk mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilməlidir”.
İnstitut rəsmisi xüsusi vurğulayıb ki, korrupsiya cəmiyyət və iqtisadiyyatın bütün sahələri kimi elm və təhsilin inkişafına mane olan çox ciddi təhlükədir. Ona görə də elm və təhsil mühitinin sağlamlaşdırılmasından ötrü dövlətin aidiyyəti qurumları tərəfindən müəyyənləşdirilmiş hüquqi tənzimləmələrə tam əməl etmək lazımdır. Bununla yanaşı cəmiyyətdə ictimai qınaq mühiti yaradılmalı və həmçinin belə mövzularda ictimai maarifləndirmə, etik dəyərlərin təşviqi aparılmalıdır”.
Sonra İnstitut Azad Həmkarlar Təşkilatının sədri dosent Elxan İsakov “Korrupsiyaya qarşı mübarizədə elmi yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. O, elm sahəsində korrupsiya ilə mübarizə metodları və müvafiq qanunvericiliklə bağlı ətraflı məlumat verib, korrupsiyanın cəmiyyətə mənfi təsirləri və qarşısının alınması üçün atılmalı olan zəruri addımları sadlayıb.
Tədbirdə həmçinin elmi müəssisələrdə alim və mütəxəssislərin etik davranış qaydaları barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.