Aşqarlar Kimyası İnstitutunda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub

2

15 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası  İnstitutunda (AKİ) Bilik günü və Azərbaycanın vətənpərvər şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş nitqi ilə açan institutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirmişdir ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ilinin dövlət səviyyəsində qeyd olunması üçün prezident sərəncamı olub. Bu sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən tədbirlər planı hazırlanmış, bütün elm və təhsil müəssisələrində böyük şairimizin yubiley tədbirinin keçirilməsi məqsədəuyğun hesab edilmişdir.

Akademik qeyd edib ki, Bəxtiyar Vahabzadə millətə, dövlətə bağlı elə bir ziyalı olub ki, onun bundan sonra gələn gənc nəslə tanıdılması, Azərbaycan xalqının yaddaşında həmişəlik yaşaması çox vacibdir. Çünki Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır: “Böyük şairin vətənə, millətə və ana dilimizə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir”.

Sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova böyük şairimizin həyat və yaradıcılığından bəhs edən maraqlı təqdimatla çıxış edib. O, Bəxtiyar Vahabzadə poeziyasının böyüklüyündən danışıb və bu poeziyada ana dili, millilik, milli ideya, milli birlik, bütöv Azərbaycan və istiqlal mövzularının geniş yer almasını qeyd edib.

Sonda İnstitutun laboratoriya müdiri, Bəxtiyar Vahabzadə nəslindən olan professor Həqiqət xanım Cavadova xalqın şairi ilə bağlı öz xatirələrini danışıb, şerlər söyləyib.

PAYLAŞ