Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının geniş tərkibdə növbəti iclası keçirilib.
İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyevin sədrliyi ilə keçən iclasda gündəlikdə duran əsas məsələ 2026-2030-cu illərdə İnstitutun fəaliyyət göstərdiyi aşqarlar kimyası, zərif üzvi sintez və bioüzvikimya istiqamətlərində növbəti 5 illik elmi tədqiqat proqramının qəbul olması ilə bağlı olub.
O bildirib ki, bundan sonra dünya elminin müasir çağrışları ölkə iqtisadiyyatının, onun müdafiə qüdrətinin artırılması ilə bağlı mövcud reallıqları nəzərə almaqla ayrı-ayrı laboratoriyalar üzrə tədqiqat mövzular müəyyənləşdirilmişdir.
Akademikin sözlərinə görə bundan sonra alimlərimiz tərəfindən müxtəlif funksional xassəyə malik, o cümlədən çoxfunksiyalı aşqarların sintezi və tədqiqi, sintez edilmiş aşqarlar əsasında müxtəlif sürtkü, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, zərif üzvi sintez üsullarından istifadə etməklə müxtəlif quruluş və tərkibli bioloji və fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi, sintez edilmiş üzvi birləşmələrin funksional xassələrinin onların quruluş və tərkibindən asılılığının öyrənilməsi və bəzi birləşmələrin funksional təsir mexanizminin öyrənilməsi sahəsində fundamental nəzəri və tətbiqyönlü tədqiqatlar aparılacaq.
V.Fərzəliyev eyni zamanda prioritet istiqamətlər üzrə elmi işçilərin, xüsusən gənc alim və mütəxəssislərin elmi fəaliyyətinin səmərəliliyinin artırılması, yüksək ixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və elmlə təhsilin inteqrasiyasının sürətləndirilməsinə önəm verilməsinin zəruriliyini bildirib.
Sonra mövzular müzakirə olunaraq təsdiq edildi.
İclasda 2025-ci il üzrə illik hesabatların hazırlığı ilə bağlı vəziyyət müzakirə olunub. Gündəlikdə olan digər məsələlərlə əlaqədar müzakrələr aparılıb və təkliflər səsləndirilib..