Aşqarlar Kimyası İnstitutunda Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə institutun elmi katibi k.ü.f.d. Mehparə Səfərova açmış və bu günün tarixi və mahiyyəti, həmçinin Beynəlxalq Əmək Təşkilatının bu sahədə qəbul etdiyi əsas prinsiplər barədə məlumat vermək üçün sözü Həmkarlar İttifaqı Komitəsinin sədri, k.ü.f.d., dosent Elxan İsakova verib. O qeyd edib ki, Ümumdünya Layiqli Əmək Günü Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü ilə qeyd olunur.
E.İsakov vurğulayıb ki, layiqli əmək anlayışına məşğulluq, hüquq, müdafiə və dialoq daxildi. Buraya iş yerlərində təhlükəsizlik, sosial müdafiə, bərabərlik, həmkarlar arasında dialoq və əmək hüquqlarının qorunması daxildir. Əsas məqsəd işçilərin hüquqlarının müdafiəsi, sosial ədalətin təmin olunması və hər bir kəsin layiqli iş şəraitinə sahib olmasıdır.
Tədbirdə qeyd olunub ki, dünyada hər il milyonlarla insan qeyri-rəsmi məşğulluq, məcburi əmək və uşaq əməyinin istismarı ilə üzləşir.
Çıxışlarda qeyd olunub ki, layiqli əmək hər bir insanın fundamental hüququdur və bu, həm işçilərin rifahına, həm də cəmiyyətin dayanıqlı inkişafına xidmət edir. Tədbir iştirakçıları vurğulayıblar ki, işçilərin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması və gənclərin məşğulluq imkanlarının artırılması əsas hədəflərdən biri olmalıdır.