Azərbaycan Elm Fondunun müştərək beynəlxalq layihəsi çərçivəsində mühüm nəticələr əldə olunub

2

AR Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin (AEF-BQM-BRFTF-4-2024-5(53)) qalibi olan «Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metaloenzim inhibitorlarının yaradılması və in vitro və in vivo təcrübələrində onların effektivliyinin öyrənilməsi» layihəsi çərçivəsində mühüm nəticə əldə ediblər. Layihənin rəhbəri akademik Vaqif Fərzəliyevin verdiyi məlumata görə layihənin mövzusuna uyğun olaraq layihə icraçıların apardıqları beynəlxalq səviyyəli tədqiqat çərçivəsində zərif üzvi sintez üsulları və kompüter kimyasının ən son imkanlarından istifadə etməklə birmərhələli üçkomponentli reaksiya vasitəsilə molekulda triazin halqası və müxtəlif funksional qrup saxlayan yeni liqandlar sintez edilmiş və X-ray, Hirşfeld səthi analizi ilə struktur təhlilləri aparılmış və müəyyənləşdirilmişdir ki, iki müstəqil molekul (I və II) və asimmetrik vahiddə bir dimetilformamid həlledici molekulu ilə monoklinik P21/c boşluq qrupunda rasemat kimi kristallaşır: “Hər iki molekul (I və II) triazin halqalarının fenil halqasına bağlandığı karbon atomlarında streofəallığa malikdir”.

O qeyd edib ki, tədqiqat zamanı fərqli əvəzolunmuş və halqa böyüklüyünə sahib pirazol əsaslı birləşmələrin yeni metal kompleksləri sintez edilmiş, müasir fiziki-kimyəvi analiz üsulları ilə struktur təhlilləri aparılmış, beynəlxalq axtarış proqramları ilə dünya ədəbiyyatlarında indiyə qədər məlum olmadıqları təsdiqlənmişdir: “Yeni tetranüvəli Co(II/III) (IX) və mononüvəli Ni(II) (X) və Cu(II) (XI və XII) komplekslərini sintez etmək üçün 1H-pirazol fraqmenti olan 1,3,5-triazopentadienil xelatlaşdırıcı liqanddan uğurla istifadə edilmişdir. Metal ionunun həm 1,3,5-triazopentadienillərin imin azot atomları ilə əlaqələndirildiyi əksər hallardan fərqli olaraq, kobalt və mis ionları bir 1H-pirazol azot atomu və 1,3,5-triazopentadienil halqasının mərkəzi azot atomu ilə əlaqələndirilir. Alınan komplekslərin koordinasiya mühiti və supramolekulyar kimyası metal atomlarının təbiətindən və reaksiya şəraitindən asılıdır”.

Layihə rəhbəri vurğulayıb ki, bu reaksiyalar üçün Funksional Sıxlıq Nəzəri (Density Functional Teoretical – DFT) hesablamaları ilə nəzəri proqnozlar təcrübi olaraq test edilmiş, kvant kimyəvi hesablamalarla həmin kimyəvi reaksiyaların simuliyasiyası baxımından əhatəli nəzəri-təcrübi araşdırmalar aparılıb, mühüm nəticələr əldə olunmuşdur: “Hazırda bu nəticələr məqalə şəklində dünyanın nüfuzlu jurnalında çapa göndərilmişdir.

O, bildirib ki, yeni liqand və metal komplekslərindən ibarət 5 nümunə layihənin növbəti planında nəzərdə tutulduğu kimi Belarus Milli Elmlər Akademiyasının Bioaktiv Maddələrin Biokimyası İnstitutuna göndərilmiş, in vitor, in vivo tədqiqatlara başlanılmışdır.

 

PAYLAŞ