Kimyaçı-alimin elmi fəaliyyətinin nəticələri bu il 4 patentdə öz əksini tapıb

6

 

Bakı, 17 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yağlayıcı-soyuducu kompozisiyalar laboratoriyasının müdiri kimya elmləri doktoru professor Pərvin Məmmədovanın rəhbərliyi altında tərkibində müxtəlif heteroatomlar saxlayan yeni üzvi birləşmələrin sintezi və onların əsasında yağlayıcı-soyuducu kompozisiyaların yaradılması istiqamətində işlər aparılır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Aşqarlar Kimyası İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məsul şəxsi və elmi işçisi Kəmalə Məmmədova söyləyib. O bildirib ki, Pərvin Məmmədovanın əsas elmi istiqaməti apardığı tədqiqatların iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz və az komponentli, ucuz YSM kompozisiyalarının işlənilməsinə yönəlib və bu istiqamətdə ayrı-ayrı komponentlərin kimyəvi tərkibi, quruluşu və arasında qarşılıqlı əlaqənin öyrənilməsi, yeni YSM kompozisiyalarının alınma texnologiyasının işlənilməsi, sənaye miqyasında istehsalının təşkili və respublikanın müxtəlif maşınqayırma zavodlarında tətbiqidir. Alimin elmi fəaliyyətinin nəticələri cari ildə 4 patentdə öz əksini tapıb.

Qeyd edilib ki, laboratoriya müdiri Pərvin Məmmədovanın elmi nailiyyətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanı ilə təltif olunub. 2009-cu ildə o, “XXI əsr Azərbaycan ziyalıları” beynəlxalq layihəsinin qalibi olub və “Vektor-124” Beynəlxalq Elmi Mərkəzinin Diplomu ilə təltif olunub. 2013-cü ildə Düşənbə şəhərində İslam İnkişaf Bankı İdarə Heyətinin iştirakçı ölkələrinin 38-ci illik sessiyasının qərarı ilə 57 üzv ölkə arasında keçirilən elmi-tədqiqatlar üzrə müsabiqədə “Azərbaycanda neftlə çirklənmiş torpaqların bioloji yolla təmizlənməsi” adlı elmi işi ilə 1-ci yerə və İslam İnkişaf Bankının mükafatına layiq görülüb. O, Azərbaycanda bu mükafata layiq görülmüş ilk qadın alimdir. Professor Pərvin Məmmədova ümumilikdə 50 ixtiranın müəllifidir.

 

PAYLAŞ