AR ETN “Kimya İnstitutu” Publik Hüquqi Şəxsinin baş elmi işçisi texnika elmləri doktoru, dosent Nağıyeva Elmira Əli qızının 80 yaşı tamam oldu. Yubileylə əlaqədar olaraq institutda Elmi Şuranın geniş iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan akademik Vaqif Fərzəliyev Elmira xanımın elmi fəaliyyətinin əsas istiqamətinin mineral və yüksək temperaturda işləyən sintetik yağlara əlavə kimi müxtəlif heteroatom və funksional qruplar saxlayan aşqarların sintezi, tədqiqi və onların istehsalatda tətbiqi olduğunu qeyd edib. O, eyni zamanda yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsində, institutun ictimai həyatında uğurlu fəaliyyətini də qeyd etmişdir. Onu institutun bütün əməkdaşları adından təbrik etmiş, ona uzun ömür, cansağlığı və elmi fəaliyyətində uğurlar arzulamışdır.
İnstitutun direktor səlahiyyətlərini icra edən, direktor müavini professor Əfsun Sucayev çıxış edərək, Elmira xanımın aşqarlar kimyası sahəsində gənc mütəxəssislərin hazırlanmasında fəal iştirakını, onun rəhbərliyi ilə 2 doktorant texnika üzrə fəlsəfə doktoru dissertasiyası və 2 nəfər bakalavr diplomu müdafiə etməsini bildirmiş və ona elmi fəaliyyətində uğurlar arzulamışdır.
Daha sonra baş elmi işçilər – Mehparə Səfərova, Yulduz Ramazanova və Nelya Novotorjina Elmira xanımın keçdiyi uğurlu həyat yolu haqqında danışıb, onu təbrik etmiş və ən xoş arzularını bildirmişlər.















