Kimya İnstitutunda doktoranturda təhsil almaq istəyən gənclərin sayı kəskin artıb

31

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” Publik Hüquqi Şəxsdə doktorantura təhsili alamaq istəyən gənclərin sayı əsaslı şəkildə artmışdır. Bu haqda məlumat verən İnstitutun direktoru səlahiyyətlərini icra edən professor Əfsun Sucayevin sözlərinə görə bu il 7 ixtisas üzrə 21 yer ayrılıb. Sənəd qəbulu elanından ötən 10 gün müddətində artıq 20-ə yaxın namizəd sənədlərini uyğun ixtisaslar üzrə təqdim ediblər: “Sevindirici hal ondan ibarətdir ki, əvvəlki illərdə bir ixtisasa çətinliklə bir iddiaçı sənəd verirdisə, indi elə ixtisaslar var ki, ayrılan yerlərin sayından 2 dəfə çox sənəd təqdim edilib. Bu o deməkdir ki, bu il seçim zamanı güclü rəqabət yaranacaq”.

Ə.Sucayev digər diqqət cəlb edən məqamın doktoranturaya müraciət edən gənclər arasında kişi namizədlərin  bəzi ixtisaslar üzrə üstünlük təşkil etdiyini qeyd edib: “Elmdə, xüsusən dəqiq və təbiət elmlər üzrə ixtisaslaşmış sahələrdə fundamental və tətbiqyönlü tədqiqat aparan doktorantları  tapmaq çox vaxt aparırdı. Kimya İnstitutunda  doktorantura təhsilinə gələn oğlan uşaqlarını heç bir maeə olmadan xaricə, dünyanın aparıcı elmi mərkəzlərinə təcrübəkeçməyə göndərə bilərik, orada bilik və tədqiqat bacarıqlarına yiyələndikdən sonra İnstituta böyük töhfələr verə bilərlər”.

İnstitut rəhbəri doktoranturaya qəbul zamanı böyük rəqabət şəraitində seçim aparılarsa, bundan ancaq Azərbaycan elmi qazanacağını qeyd edib.

Məlumat üçün bildirək ki, 2026-cı il üzrə doktoranturaya sənədlərin qəbulu mayın 19-dan iyunun 9-dək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Qəbul olmaq istəyən şəxslər https://portal.edu.az veb-səhifəsində qeydiyyatdan keçməli və tələb olunan sənədləri portala yükləməlidir.

Əlavə məlumat üçün Kimya İnstitutunun Elmi kadrların hazırlığı sektoruna müraciət etmək olar.

 

PAYLAŞ