26 may 2026-cı il tarixində AR Elm və Təhsil Nazirliyi Kimya İnstitutu “Beynəlxalq əməkdaşlıq sektoru”nun illik fəaliyyət planına uyğun olaraq “Hidrogen energetikası” mövzusunda beynəlxalq onlayn veb-seminar təşkil olunub. Veb-seminar Kimya İnstitutu və Rusiyanın Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzi arasında elmi əməkdaşlıq çərçivəsində “Hidrogen energetikası” mövzusunda baş tutub.
Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev seminar iştirakçılarını və əsas məruzəçi — Kurçatov İnstitutunun baş elmi işçisi, professor Vladimir Nikolayeviç Fateyevi salamlayaraq, iki institut arasında elmi əlaqələrin yeni mərhələdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azəebaycan da daxil olmaqla, bütün dünyada hidrogen energetikasının gələcək enerji təhlükəsizliyi və “yaşıl” texnologiyalar baxımından strateji rolundan danışaraq, bu sahədə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin perspektivliyini xüsusi vurğulayıb.
Sonra İnstitutun “Beynəlxalq əməkdaşlıq sektoru”nun baş mütəxəssisi Araz Dövlətov belə seminarların gənc alim və tədqiqatçılar üçün vacibliyini qeyd edib və fikirlərinə əlavə edib ki, seminar iştirakçılarının böyük əksəriyyəti gənclərdir və onlar böyük həvəslə veb-seminara qoşulublar.
Daha sonra professor Vladimir Nikolayeviç Fateyev “Hidrogen energetikası” mövzusunda ətraflı məruzə ilə çıxış edərək, hidrogenin istehsalı, saxlanması, daşınması və enerji sistemlərində tətbiqi ilə bağlı aktual elmi nailiyyətləri və texnoloji yenilikləri seminar iştirakçılarının diqqətinə çatdırıb.
Məruzədən sonra intensiv sual-cavab sessiyası baş tutub. Gənc tədqiqatçılar və doktorantlar hidrogen texnologiyalarının Azərbaycanda tətbiqi, mümkün əməkdaşlıq istiqamətləri və gələcək layihələrlə bağlı fikir mübadiləsi aparıblar.

