5 iyun 2026-cı il tarixində AR Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda təşkilatın Beynəlxalq əməkdaşlıq sektorunun təşəbbüsü ilə müasir elmin prioritet istiqamətlərindən sayılan “Yaşıl kimya prinsipləri” mövzusunda beynəlxalq seminar təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq əməkdaşlıq sektorunun mütəxəssisi Natiq Salahov mövzunun müasir dünya elmi və sənayesi üçün daşıdığı müstəsna əhəmiyyətini diqqətə çatdıraraq qeyd edib ki, alternativ enerji mənbələrinə keçid dövründə enerji depolama sistemlərinin, xüsusilə batareya texnologiyalarının sürətli inkişafı, tullantıların yaşıl kimya prinsiplərinə uyğun olaraq innovativ metodlarla təkrar emalı və resursların səmərəli idarə edilməsi qlobal ekoloji təhlükəsizlik baxımından strateji zərurətdir. O, bu qəbildən olan beynəlxalq tədbirlərin gənc tədqiqatçıların elmi potensialının gücləndirilməsi və xarici tərəfdaşlarla birgə akademik layihələrin qurulması istiqamətində mühüm platforma rolunu oynaya biləcəyini vurğulayıb.
Sonra İstanbul Cerrahpaşa Universitetinin Metallurgiya və Materiallar Mühəndisliyi kafedrasının elmi işçisi, fəlsəfə doktoru Elif Güloğlu “Batareya texnologiyalarının təkrar emalı və innovativ həlledicilərin tətbiqi” mövzusunda geniş elmi məruzə ilə çıxış edib. Məruzəçi öz çıxışında batareyaların sənaye miqyasında təkrar emalı prosesində tətbiq olunan ən son metodlar, innovativ və ekoloji cəhətdən zərərsiz həlledicilərin sintezi, eləcə də bu istiqamətdə aparılan fundamental tədqiqatların nəticələri barədə geniş məlumat verib.
Böyük maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş elmi müzakirələr aparılmış, qabaqcıl texnologiyaların yerli tədqiqatlara inteqrasiyası perspektivləri qiymətləndirilmiş və iştirakçıların sualları cavablandırılmışdır.
Zoom platforması üzərindən yüksək akademik səviyyədə baş tutan onlayn seminarda institutun aparıcı elmi heyəti, gənc tədqiqatçılar və bu sahə üzrə mütəxəssisləri iştirak edib.





