Prezident İlham Əliyevin elm sahəsində gənc kadrların irəli çəkilməsi və elmi potensialın yenilənməsi ilə bağlı tövsiyələri Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda da nəzərə alınır.
Struktur islahatlarından sonra hazırda institutun tərkibində 21 laboratoriya və 2 Fiziki-Kimyəvi Analiz Mərkəzi, eləcə də yardımçı şöbə və sektorlar fəaliyyət göstərir. Bu elmi bölmələrdə aparılan tədqiqatların səmərəliliyinin artırılması məqsədilə mühüm kadr dəyişiklikləri həyata keçirilir. Son optimallaşdırma tədbirləri çərçivəsində laboratoriyaların əksəriyyətinə elmi fəaliyyəti və yüksək elmi göstəriciləri ilə seçilən gənc alimlər laboratoriya müdiri vəzifəsinə təyin olunublar. Yeni təyin olunmuş laboratoriya müdirləri institut rəhbərliyi tərəfindən kollektivlərə təqdim edilib, qarşıda duran vəzifələr və prioritet istiqamətlər müzakirə olunub. İnstitut rəhbərliyi yeni rəhbərlərə elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, innovativ tədqiqatların təşviqi və əldə olunan nəticələrin tətbiqyönümlülüyünün artırılması istiqamətində uğurlar arzulayıb.
Kadr dəyişiklikləri həyata keçirilən bütün laboratoriyalarda institutun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev əvvəlki laboratoriya müdirləri ilə fərdi görüşlər keçirib. Görüşlər zamanı onların uzun illər ərzində institutun inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilib, göstərdikləri səmərəli fəaliyyətə görə təşəkkür ifadə olunub. Eyni zamanda vurğulanıb ki, təcrübəli alimlərin zəngin bilik və elmi təcrübəsindən elmi məsləhətçi kimi bundan sonra da institutun fəaliyyətində, elmi layihələrin həyata keçirilməsində və gənc tədqiqatçıların yetişdirilməsində geniş şəkildə istifadə olunacaq.







