Kimya Institutunun alimləri Azərbaycan Elm Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin (AEF-BQM-BRFTF-4-2024-5(53)) qalibi olmuş “Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metalloenzim inhibitorlarının yaradılması və in vitro və in vivo təcrübələrində onların effektivliyinin öyrənilməsi” layihəsi çərçivəsində əldə etdikləri mühüm nəticə “Russian Journal of Physical Chemistry A”da (https://link.springer.com/article/10.1134/S0036024426701256) dərc olunmuşdur.
İnstitutdan verilən məlumata görə, bu tədqiqat yeni heterotsiklik birləşmə kimi (Z)-N,N-dimetil-2-(perfluorofenil)-2-(2-fenilhidraziniliden) asetamidin (PFPA) sintezi üçün yeni bir metod və təklif olunan mexanizm təqdim edir. Birləşmənin bioloji aktivliyi DFT/B3LYP/6-31 + G (d, p) hesablamaları və molekulyar dokinq araşdırmaları ilə tədqiq olunmuşdur. Bu birləşmə üçün struktur, enerji və elektron parametrləri, yük paylanması, elektrofil və nukleofil zonaların yerləri, elektron sıxlığının ötürülməsi, hiperkonjugativ qarşılıqlı təsirlər hesablanmış və müəyyən edilmişdir. Əldə edilən məlumatlar tədqiqatçılara hədəf molekulunun stabilliyini təhlil etməyə və reaktivliyini proqnozlaşdırmağa imkan vermişdir. Molekulyar dokinq və dinamika tədqiqatları bu birləşmənin 5-HT1BR spesifik reseptoru ilə sabit bir kompleks əmələ gətirdiyini göstərmişdir. PFPA-nın 5-HT1BR reseptoru ilə qarşılıqlı təsiri üçün farmakofor modeli təklif edilmişdir. Alınan nəticələr müəyyən bir birləşmə üçün ligand-reseptor qarşılıqlı təsirinin təkmilləşdirilmiş təsvirini təmin edir və yeni dərmanların axtarışı üçün istifadə edilə bilər.


