“5G” texnologiyaları elektrik enerjisi istehlakının artmasına səbəb olacaq

1798

Telekommunikasiya şirkətlərinin 90 faizi “5G” texnologiyalarının tətbiqi ilə əlaqədar elektrik enerjisi istehlakının artmasından ehtiyat edir.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, “451 Research” analitik firması və məlumat emalı mərkəzləri üçün elektrik avadanlığının istehsalı ilə məşğul olan “Vertiv” şirkəti tərəfindən keçirilən sorğuda müxtəlif ölkələrin 100-dən çox rabitə operatorunun əməkdaşları iştirak ediblər. Onların 88 faizi 2021-2022-ci illərdə beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) istifadəyə verməyi planlaşdırır. Lakin “Vertiv” mütəxəssislərinin hesablamalarına görə, “5G” şəbəkəsinə keçid 2026-cı ilədək enerji istehlakının 150-170 faiz artmasına gətirib çıxaracaq.

Sorğudan, həmçinin məlum olub ki, operatorların 37 faizi artıq yeni nəsil mobil infrastrukturu üçün nəzərdə tutulan paralel hesablama texnologiyasının (edge computing) tətbiqinə başlayıb, 47 faizi isə bunu tezliklə həyata keçirməyi planlaşdırır. “5G” şəbəkəsinin reallaşmasının dəstəklənməsində ən çətin vəzifə kimi rəyi soruşulanlar şəbəkələrin istifadə və tezlik daşıyıcıları səviyyəsində yenilənməsini, eləcə də yeni nəqliyyat şəbəkə sahələrinin yaradılmasını hesab edir.

“5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

http://www.ictnews.az

PAYLAŞ