Akademik Vaqif Fərzəliyev: Azərbaycanda elm sahəsində ciddi islahatlar aparılır

2114

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır. Azərbaycan elmi öz inkişaf səviyyəsinə görə qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilib. Bu prosesin əsasında Prezident İlham Əliyevin elmə böyük qayğısı dayanır. Bu gün Azərbaycanda elm sahəsində ciddi islahatlar aparılır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun (AKİ) direktoru, akademik Vaqif Fərzəliyev deyib.

Akademik bildirib ki, həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsinə önəm verilir. Elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi, elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və digər məqamlara xüsusi diqqət yetirilir.

Vaqif Fərzəliyev qeyd edib ki, Azərbaycan elminin inkişafında Azərbaycan Milli Elmlər Akademiyası öz üzərinə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlir. Akademiyada elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, onların nəticələrinin sosial-iqtisadi və digər sahələrdə tətbiqinin təmin edilməsi, elmi kadrlardan düzgün istifadə edilməsi istiqamətində uğurlu addımlar atılır.

PAYLAŞ